AZ

Bu ətlərin satışına icazə verilməyəcək - YENİ QAYDA

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq.

Bu, Baş nazir Əli Əsədovun qərarı ilə Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları"nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.

Yeni qərar hansı dəyişikliklərə gətirib çıxaracaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, bu qərarın reallaşdırılması tamamilə mümkündür, amma həm inzibati, həm də praktiki tərəfləri var:

"Əgər normativ sənədlərdə bu tələb təsbit olunarsa, bütün ət məhsullarının baytarlıq ekspertizasından keçməsi və yalnız damğa-ştampla satışa buraxılması məcburi olacaq. Bu, həm də ictimai nəzarət və cərimə mexanizmi tələb edir, yəni damğasız ət satışına görə sanksiyalar tətbiq ediləcək.

Şəhərlərdə və iri qəsəbələrdə kəsim məntəqələri və baytarlıq ekspertizası laboratoriyaları artıq mövcuddur, buna görə damğalama asan tətbiq oluna bilər.

Regionlarda və kəndlərdə çətinliklər ola bilər, çünki çox vaxt heyvanlar ev şəraitində kəsilir və satış bazarlarda aparılır. Burada damğalama üçün mobil ekspertiza briqadaları və ya rəsmi kəsim məntəqələri şəbəkəsi qurulmalıdır".

Müsahibimiz hesab edir ki, damğa və ştampın saxtalaşdırılma riski mövcuddur:

"Bunun üçün xüsusi qoruyucu nişanlar tətbiq edilməlidir. Bütün ölkəni əhatə edən baytarlıq müfəttişlərinin sayı və logistik imkanlar kifayət qədər artırılmalıdır. Əgər mərhələli şəkildə tətbiq olunarsa, 3-5 il ərzində tam reallaşdırmaq mümkündür. Əks halda, birbaşa bütün ölkə üzrə tətbiq etməyə çalışılsa, kəndlərdə və qeyri-rəsmi kəsim yerlərində ciddi müqavimət və çətinliklər yaşana bilər.

Yəni, bu tədbir mümkündür, amma tam effektiv olması üçün kəsim məntəqələrinin genişləndirilməsi, baytarlıq laboratoriyalarının regionlarda artırılması, damğa və ştampın saxtalaşdırılmasına qarşı müasir qoruma sistemlərinin yaradılması, inzibati nəzarət və cərimələrin tətbiqi vacibdir".

 

Seçilən
22
11
7news.az

10Mənbələr