AZ

Paşinyanın Kremllə SON “döyüşü” – İrəvandakı Rusiya səfirinin o hədəsi...

Moldova Rusiyanın növbəti böyük təxribatını uğurla neytrallaşdıra bildi. Moskvaya bağlı qüvvələr ötən bazar seçkilərində böyük fərqlə hakim partiyaya uduzdu.

Qonşu və pravoslav Ukraynaya qarşı işğalçı müharibə aparan bir dövlətə moldavanların rəğbəti əsl sensasiya olardı. Amma olmadı. Möcüzə baş vermədi. Kremlin araqarışdıranlarına, onun ölkədəki “5-ci kolonu”na layiqli yeri göstərildi...

Moldova hakimiyyəti sınaqdan çıxdı. İndi nəzər-diqqət sövq-təbii Ermənistana yönəlib. Bəs Nikol Paşinyan hökuməti də sınaqdan çıxa, Kremllə son “döyüşü” uda biləcəkmi?

Bəllidir ki, qonşu ölkədə də tezliklə kritik parlament seçkiləri gözlənilir. Həmçinin Ermənistanda Moldovadakı kimi rus hərbi bazaları mövcuddur. Amma bir fərqlə: əgər Moldovada onlar separatçı Dnestrayanı bölgədə və qanunsuz yerləşibsə, kapitulyant ölkədə legitimliyə sahibdir. Bazalar iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsinə uyğun surətdə Gümrüdə və Erebunidə (hava qüvvələri) yerləşib. Özü də uzun müddətə.

Hər halda Kremlə bağlı Köçəryan-Sərkisyan xunta rejimi dövründə imzalanan sənəddə belə deyilir. Üstəgəl, Türkiyə və İranla sərhədləri hələ də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) qüvvələri qoruyur...

Amma hiss olunur ki, hazırkı təlatümlü dönəmdə Moskva Ermənistanda, ümumən Güney Qafqazda öz hərbi varlığını sürdürmək üçün kapitulyant ölkədəki qüvvələrə böyük ümid bəsləyir. Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin yerli mediaya dünənki açıqlamasında bunu gizlətməyib də. Hətta Paşinyan iqtidarını faktiki hədələyib.

Diplomatın sözündən belə çıxıb ki, Moskva öz hərbi bazalarını Ermənistandan çıxarmağa hazırlaşmır, yaxud elə-belə çıxarmayacaq, “bunu üçün əsas görmür”. Bundan əlavə, yüzdə yüz Putinin mövqeyini ifadə edən səfir Zəngəzur dəhlizi (“Tramp yolu”) ilə bağlı da şübhəli şeylər söyləyib, neqativ planda şərh verib, eyhamlar vurub.

DOYUS.jpeg

Məsələn, bu mövzuda danışan diplomat öncə dəhlizlə bağlı “bütün detallar bəlli olandan sonra” Moskvanın konkret mövqe ortaya qoyacağını deyib. Ardınca İranla sərhəddə rus hərbçilərinin durduğunu xatırladıb və 2020-2022-ci illərdə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli sənədlərin hamısının qüvvədə olduğunu iddia edib. Hansı sənədlər ki, indi de-fakto nə Bakı, nə də İrəvan üçün önəm kəsb edir və yox kimidir...

Aydındır ki, Rusiya həmin sənədlərdəki (10 noyabr, 2020) yalnız bir bəndə – 9-cu bənddəki Zəngəzur dəhlizi ilə bağlı öhdəliyə ümid bəsləyir. Onu yada salaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiya FTX-nın sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Amma avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannamə ilə (4-cü bənd) köhnə 9-cu bənd artıq qüvvədən düşüb. Odur ki, Bakının İrəvan qarşısında qoyduğu konstitusiya tələbi də daxil, bu və digər səbəbdən Ermənistanda növbəti (erkən də ola bilər) parlament seçkiləri olduqca gərgin keçəcək.

Mübaliğəsiz yazmaq olar ki, həmin seçkilər erməni xalqı və hakim partiyanın taleyi ilə yanaşı, Rusiyanın bölgədə qalıb-qalmayacağı məsələsinə də aydınlıq gələcək. Azərbaycanla sülh müqaviləsinin aqibəti də öz yerində...

Z.SƏFƏROĞLU

Seçilən
19
musavat.com

1Mənbələr