AZ

Baş redaktor: Media məsuliyyəti baxımından qarşımızda çox ciddi tələblər dayanır

Bakı, 30 sentyabr, AZƏRTAC

Bu gün etik media məsuliyyəti baxımından qarşımızda çox ciddi tələblər dayanır.

AZƏRTAC xəbər verir ki, bu fikri II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzulu panel sessiyada “1news.az” xəbər portalının baş redaktoru Kəmalə Məmmədova deyib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan çox ciddi dezinformasiya problemi ilə üzləşdi. “Bu dövrdə dövlət qurumları və informasiya sahəsində çalışan mütəxəssislər öyrəndilər ki, xəbəri tez deyil, yoxlanılmış və düzgün formada təqdim etmək daha vacibdir. Bu, həm ictimaiyyətin etimadını qorudu, həm də informasiya mühitində məsuliyyətli yanaşmanı gücləndirdi”, - deyə K.Məmmədova vurğulayıb.

Onun sözlərinə görə, bu prosesdə media sahəsində keçirilən təlimlərin böyük əhəmiyyəti var. Rəqəmsal medianın müsbət və mənfi tərəflərinin öyrənilməsi, ona uyğunlaşma yollarının tapılması vacib addımdır. Biz interneti xaotik bir məkan kimi deyil, şəxsi və ictimai məsuliyyət mühiti kimi qəbul etməyi bacarmalıyıq. “Burada regional əməkdaşlığın da xüsusi rolu var. Özbəkistanla birlikdə əldə etdiyimiz təcrübə regional təşəbbüslərin qloballaşması baxımından çox nümunəvidir. İnanıram ki, biz birgə şəkildə region miqyasında maarifləndirmə proqramları həyata keçirə bilərik və bu, həm peşəkar media mühitinə, həm də cəmiyyətlərimizə böyük fayda gətirəcək”, - deyə Kəmalə Məmmədova vurğulayıb.

Seçilən
38
azertag.az

1Mənbələr