AZ

Abdullah Ağar: Türkiyənin qarşısında üç seçim dayanır

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Keçmişimizdə bir mübahisə vardı: “İngilis müstəmləkəsi olaq, yoxsa Amerika mandatı?” Maraqlıdır ki, bu gün də oxşar vəziyyət yaşanır. Türkiyə ABŞ-ı İngiltərə üzərindən tarazlamağa çalışır. İçəridə isə “İngilispərəst” və “Amerikapərəst” mövqelər arasında gərginlik görünür. Əslində sual sadədir: Türkiyə İngilis müstəmləkəsi olacaq, Amerikan mandatına çevriləcək, yoxsa çətin də olsa özünə yaraşan müstəqil bir yol tapacaq"?

Bu sözləri Sherg.az-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar söyləyib. 

Onun sözlərinə görə, bu məqamda “həqiqi Türk, həqiqi Müsəlman, həqiqi Atatürkçü” kimliyini daşıyaraq, tarixi məsuliyyətin yerinə yetirilməsi zəruridir:

"Tramp və komandası açıq mesaj verir: “Biz legitimlik verək, siz bizim üçün bir şey edin.”  Bu isə daxili siyasətdə dəstək qarşılığında strateji güzəştlər deməkdir. Türkiyədən enerji, müdafiə, resurs, geosiyasi mövqe və terrorla mübarizədə tavizlər tələb olunur. Əvəzində isə strateji asılılıq və müstəqilliyin aşınması riski ortaya çıxır. Söhbət yalnız S-400-lərdən və ekümeniklik oyunlarından getmir. Bu məsələlərin hər biri risklidir, amma mövzu daha dərin və daha təhlükəlidir. Tramp və komandası Türkiyəyə belə bir mesaj verir: “Biz sənə hakimiyyətini qoruma şansı veririk, sən isə Qəzzə, İran, Rusiya, Çin məsələlərində bizimlə uyğun davranırsan.” Bu isə son dərəcə təhlükəli perspektivdir".

 Ağar qeyd edib ki, İngiltərə xəttində də ağır nəticələr özünü göstərir:

"Terrorla mübarizədə güzəştlər, Qəzzə və Suriya böhranı, Iqtisadi çətinliklər, Strateji suverenliyin aşınması və.s. “City of London”dan alınan borclar günü xilas etsə də, gələcəyi daha qaranlıq hala gətirib. İngiltərə balansı fonunda Türkiyənin strateji müstəqilliyi səssizcə zəiflədilib, daxili inanc və ictimai bütövlük isə daha dərin qeyri-müəyyənliyə sürüklənib. Bu, açıq müharibə ilə deyil, anlayışlar, inanc sistemləri, maliyyə bağları və algı oyunları vasitəsilə həyata keçirilən “səssiz müstəmləkəçilik”dir. İndi isə əsas suallar ortaya çıxır:

* Türkiyə ABŞ–İngiltərə münasibət sistemində yeni bir statusmu axtarır?

* Bu balans mümkündürmü?

* ABŞ təzyiqləri həll oluna bilərmi?

* Balans axtarışı strateji suverenlik gətirəcəkmi, yoxsa “ikiqat düyüm” sindromu yaradacaq?

Əgər bu düyümlər açıla bilməsə, Türkiyə daxilində, sərhədlərdən kənarda və qlobal sistemdə daha ağır nəticələr doğa bilər".

Ekspert əlavə edib ki, Türkiyə qarşısında üç seçim dayanır:

"İngiltərə yönlü Avrasyacılıq, ABŞ yönlü Atlantikçilik, Atlantik içində savrulmaq. “Çarə müstəqil Avrasyaçılıqdadır” deyənlər var. Amma doğrudanmı müstəqil bir Avrasiya mövcuddur? Rusiyanın “ana torpağı”, İngiltərənin “kənar kəməri” paylaşdığı gündən bəri Avrasiyanın kimyası və mexanizmi sual altındadır. Həqiqi çıxış yolu nə İngilis müstəmləkəsi, nə ABŞ mandatı, nə də onların arasında sovrulmaqdır. Çıxış – strateji müstəqilliyin təmin olunmasıdır. Bunun yolu isə enerji, ərzaq, texnologiya, müdafiə və maliyyə müstəqilliyini qurmaqdan, inanc sistemini yad təsirlərdən təmizləməkdən və ən əsası – həqiqi Türk, həqiqi Müsəlman, həqiqi Atatürkçü kimliyini eyni anda daşıya bilməkdən keçir.

Tarixdə də məhz bu kimliklər bütün mandat, işğal və müstəmləkə oyunlarını pozmuş, Türkiyəni həm Türk və İslam dünyası, həm də bəşəriyyət üçün ümid və ilham mənbəyinə çevirmişdi. Bəs bu gün bütün bunları kim edəcək? Cavab – güzgüyə baxan hər birimizdədir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
sherg.az

2Mənbələr