Milli Məclisin bu gün keçirilən plenar iclasında komitə sədri Fazil Mustafa nəqliyyat sahəsinə diqqət çəkib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, millət vəkili bildirib ki, hər bir cəmiyyətdə önəmli məsələlərdən biri ictimai nəqliyyat probleminin həllidir:
“Bu yaxınlarda metro və avtobus qiymətlərinin artmasının səbəbləri, iqtisadi baxımdan müəyyən izahlarının olacağı gözlənilir. Amma həmişə imtiyazlı təbəqələrin - tələbələrin, pensiyaçıların, əlillərin, daun sindromlu uşaqların və bu təbəqədən olan digər insanların ictimai nəqliyyatdan müəyyən güzəştlərlə istifadəsi hələ də öz həllini tapmayıb. Bu yaxınlarda hava limanına taksilərin girişinin məhududlaşdırılmasına Ombudsman tərəfindən də reaksiya verildi”.
Fazil Mustafa konkret faktlarla fikirlərinə davam edib:
“Təsəvvür edin, Naxçıvandan yoxsul bir insan biletə 60 manat verib Bakıya gəlir, sonra da 40 manat taksiyə verməlidir ki, şəhərə getsin. Biz ictimai nəqliyyatı vətəndaşlara xidmət edən modelə gətirməliyik”.