AZ

Kreml Cənubi Qafqazdakı son qalasını əldən vermək istəmir -Politoloq

“Rusiya Federasiyası Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasını bölgədən çıxarmaq niyyətində olmadığını bir daha aydın şəkildə bəyan edib. Bu, təkcə hərbi və geosiyasi məsələ deyil, eyni zamanda Kremlin Cənubi Qafqazda azalan təsir dairəsini qorumaq üçün göstərdiyi son səylərin göstəricisidir.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, Kreml rəsmiləri və Rusiya Federasiyasının İrəvandakı səfiri son günlərdə verdikləri açıqlamalarda açıq şəkildə bildiriblər ki, Gümrüdəki hərbi mövcudluq Rusiyanın regional maraqları baxımından strateji əhəmiyyət kəsb edir.

“Rəsmi Moskva Ermənistanla imzalanmış mövcud hərbi müqavilələrə əsaslanaraq, bu mövcudluğu legitim və uzunmüddətli təhlükəsizlik təminatı kimi təqdim edir. Bu mövqe Ermənistanda artan Rusiya əleyhdarları və Qərblə yaxınlaşma siyasəti yürüdən hakim dairələrlə ziddiyyət təşkil edir. Son aylarda Ermənistan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıqdan uzaqlaşması, NATO və Aİ ilə əlaqələri gücləndirməsi Moskvanın narahatlığını daha da artırıb.”– deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, Gürcüstandan 2008-ci ildə çıxarılan Rusiya qoşunları və Azərbaycanın artan suverenliyi fonunda Kremlin bölgədəki hərbi dayaqları faktiki olaraq yalnız Ermənistanla məhdudlaşıb.

“Bu səbəbdən Gümrünün əhəmiyyəti daha da artır. Rusiya səfirinin son açıqlamasında bu narahatlıq dolayısı ilə hiss olunurdu. O vurğulayıb ki, Rusiya-Ermənistan münasibətləri zaman-zaman dəyişsə də, ikitərəfli hərbi əməkdaşlıq “sarsılmaz” olaraq qalır və hər hansı birtərəfli addım bu sabitliyə zərər vura bilər. Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi də bəyan etmişdi ki, İrəvan istəsə belə, Gümrüdəki Rusiya bazasının bağlanması dərhal baş verə bilməz və bu, uzunmüddətli danışıqlar və hüquqi proses tələb edir. Rusiya Gümrüdəki hərbi mövcudluğunu qorumaqla təkcə Ermənistan üzərindəki təsirini saxlamır, həm də Cənubi Qafqazda Qərbin təsirinə qarşı bir tampon rolunu saxlamağa çalışır. Hazırkı geosiyasi gərginliklər fonunda bu baza Moskva üçün təkcə hərbi deyil, həm də simvolik bir “son qala” anlamını daşıyır.”- deyə Arzuman Muradlı bildirib.

Seçilən
3
moderator.az

1Mənbələr