AZ

“Azərbaycan–Türkiyə birliyini parçalamaq istəyirlər” – Deputatdan SƏRT XƏBƏRDARLIQ

Azərbaycan–Türkiyə münasibətləri son onilliklərdə regional və beynəlxalq siyasətdə xüsusi önəm kəsb edən strateji müttəfiqlik nümunəsidir. “Bir millət, iki dövlət” prinsipi təkcə siyasi şüar deyil, həm də hər iki xalqın tarixi yaddaşına, ortaq mədəni dəyərlərinə və təhlükəsizlik maraqlarına söykənən möhkəm bir doktrinadır. Lakin müasir dünyada informasiya müharibələrinin, saxta təxribatçı kampaniyaların geniş vüsət aldığı bir şəraitdə bu münasibətləri sarsıtmaq üçün müəyyən qüvvələrin cəhdləri müşahidə olunur. Bəzən Türkiyə mətbuatında yayılan Azərbaycan əleyhinə yazılar da məhz bu kontekstdə qiymətləndirilməlidir.

Milli Məclisin deputatı Nəsib Məhəmməliyev Editor.az-a açıqlamasında bildirib ki, Türkiyə Azərbaycan üçün qardaş ölkə, təbii dəyərlərə əsaslanan strateji müttəfiqdir:

“Müasir dünyada ikinci bir ölkə tapmaq mümkün deyil ki, siyasi, iqtisadi, mədəni, mənəvi və təhlükəsizlik baxımından bir-birinə bu qədər yaxın olsun. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, ‘Bir millət, iki dövlət’ prinsipi tamamilə reallığa uyğundur.

Son günlər Türkiyənin bəzi mətbu orqanlarında Azərbaycan əleyhinə dərc olunan yazılar reallıqla uzlaşmır və açıq şəkildə təxribat xarakteri daşıyır. Azərbaycan hər zaman Türkiyənin yanında olub və bu ölkənin əleyhinə heç bir layihədə iştirak etməz.

Qeyd etmək lazımdır ki, Türkiyə cəmiyyəti monolit deyil. Bu ölkədə müxtəlif millətlər, etnik qruplar, dini konfessiyalar və siyasi qüvvələr fəaliyyət göstərir. Onların bir qismi hətta açıq şəkildə dövlətin ərazi bütövlüyünə və mövcud hakimiyyətə qarşı düşmən mövqeyi sərgiləyir. Təəssüf ki, bu baxışlar bəzən Azərbaycana da yönəlir. Məsələn, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Böyük Millət Məclisində Azərbaycana dəstəyin müzakirəsi aparılarkən HDP fraksiyası əks mövqe sərgiləmiş, CHP funksionerlərindən – vaxtilə Bakıda səfir işləmiş şəxs isə – ermənipərəst mövqedən çıxış etmişdi”.

“İki ölkə arasında düşmənçilik toxumları səpməyə, birliyi sarsıtmağa çalışan qüvvələr həmişə olub, bu gün də var, gələcəkdə də olacaq. Onların əsas məqsədi Azərbaycan–Türkiyə əməkdaşlığını zəiflətmək və bütövlükdə Türk Dünyasının inteqrasiyasının qarşısını almaqdır. Millət olaraq, biz bu təxribatlara uymamalı, birliyimizi qoruyub möhkəmləndirməliyik”,-deyə sonda millət vəkili qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr