AZ

"Ermənistan şərtləri qəbul etdi, sülh prosesi irəliləyir” — Politoloqdan AÇIQLAMA

"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Vaşinqtonda imzalanmış üçtərəfli bəyanatdan sonra Ermənistan uzun illər qəbul etmədiyi şərtlərlə razılaşıb və konkret öhdəliklər götürüb".

Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O, bildirib ki, bəyanatda nəzərdə tutulan bir sıra proseslərin icrası artıq başlayıb:

"Məsələn, Ermənistanın əvvəlcə imzalamaq istəmədiyi Atatürk Mədəniyyət Mərkəzinin buraxılması ilə bağlı məsələ öz həllini tapıb. Digər tərəfdən, hökumət daxildə müqavimət göstərən qüvvələri, xüsusilə də kilsənin təsirini azaltmaq istiqamətində addımlar atır. Gözlənilir ki, yaxın aylarda hökumət və kilsə arasında gərginlik daha da açıq müstəviyə keçəcək və rəsmi İrəvan kilsəyə qarşı sərt qərarlar qəbul edəcək".

Ekspert bildirib ki, iki ölkə arasında münasibətlərin gərgin qalmasına əsas səbəb Ermənistan kilsəsidir:

"Buna baxmayaraq, Baş nazir Paşinyan vəziyyətin davamlı gərginlik şəraitində qalmasının dövlət üçün təhlükəli olduğunu anlayır. Bu səbəbdən “Böyük Ermənistan” ideologiyasının iflasa uğradılması və onun fəlakət gətirən nəticələrinin cəmiyyətə izah edilməsi artıq hökumət səviyyəsində qəbul olunub".

Onun sözlərinə görə, Ermənistan hökumətinin Vaşinqton bəyanatında üzərinə götürdüyü şərtləri yerinə yetirməkdən başqa alternativi yoxdur:

"Baxmayaraq ki, bu prosesdə təzyiqlər və müqavimət göstərən qüvvələr olacaq, hökumətin əsas vəzifəsi cəsarətli və prinsipial mövqe nümayiş etdirərək öhdəlikləri icra etməkdir".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
11
1
demokrat.az

2Mənbələr