AZ

Dərmanların verilməsində güzəştlər olacaq? KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda təqaüdçülərin sosial müdafiəsi ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də dərman təminatıdır. Son illər ölkədə səhiyyə sahəsində müəyyən islahatlar həyata keçirilsə də, təqaüdçülərin dərmanlara əlçatanlığı hələ də ciddi problem olaraq qalır. Xüsusilə, yaşlı insanların əsasən xroniki xəstəliklərdən əziyyət çəkməsi nəzərə alınanda, onların dərman xərcləri büdcəyə əlavə yük yaradır. Maraqlıdır, hazırda bu kateqoriyadan olan vətəndaşlar üçün hansı güzəştlər mövcuddur və yaxın illərdə dərman qiymətlərinin azaldılması planlaşdırılırmı?

Bu barədə KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, hazırda Azərbaycanda təqaüdçülərin dərman təminatı ilə bağlı hər hansı güzəşt mövcud deyil. Yalnız şəhid ailələri və şəkərli diabet xəstələri müəyyən dərəcədə dövlət dəstəyindən yararlana bilirlər.

Onun sözlərinə görə, şəkərli diabet xəstələrinə poliklinikalar vasitəsilə dərmanlar pulsuz paylansa da, digər xəstəliklər üçün tələb olunan preparatlar tam ödənişli şəkildə satılır:

“Hal-hazırda təqaüdçülərlə bağlı xüsusi dərman güzəştləri yoxdur. Təkcə, şəkərli diabet xəstələrinə poliklinikalardan dərman verilir. Digər təqaüd alan vətəndaşlar dərmanlarını apteklərdən pulla alırlar”.

Rasif Bağırov əlavə edib ki, yaxın illərdə apteklərdə dərman qiymətlərinin təqaüdçülər üçün aşağı salınması və ya güzəştli mexanizmin tətbiqi ilə bağlı da hər hansı plan və ya məlumat yoxdur.

Beləliklə, həkimin sözlərinə görə, təqaüdçülərin dərman təminatında güzəştli qaydaların tətbiqi hələlik gündəmdə deyil.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
konkret.az

2Mənbələr