AZ

“Nazirlik tərəfindən göstərilən 159 xidmətin 90% dən çoxu artıq elektronlaşdırılıb”

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Son illərdə ölkəmizdə sosial müdafiə və məşğulluq sahəsində rəqəmsal transformasiya uğurla həyata keçirilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən forumda bildirib.

A.Əliyev qeyd edib ki, nazirlik tərəfindən göstərilən 159 xidmətin 90%-dən çoxu artıq elektronlaşdırılıb:

“2019-cu ildə istifadəyə verilmiş e-sosial portalı vasitəsilə vətəndaşlar sosial sahədə bütün fərdi məlumatlarını, o cümlədən şəxsi hesablarındakı pensiya kapitalını asanlıqla izləyə bilirlər. Bununla yanaşı, sosial ödənişlərin proaktiv qaydada təyin olunması da vətəndaş məmnuniyyətini və xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb. Əmək və məşğulluq sahəsində islahatların mühüm mərhələsini təşkil edən Əmək və Məşğulluq Alt Sistemi üzərindən əmək müqavilələrinin elektron bağlanması geniş şəkildə həyata keçirilir.

Azərbaycanda yaşıl iqtisadiyyat üçün zəruri olan yeni bilik və bacarıqlara malik işçi qüvvəsinin formalaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu məqsədlə peşə hazırlığı mərkəzlərində işsiz və iş axtaran şəxslərə alternativ enerji qurğularının istismarı, bərpa olunan enerji avadanlıqlarının yığılması, eləcə də külək turbinlərinin quraşdırılması kimi yaşıl bacarıqlar üzrə müasir təlim proqramları təqdim olunur. 

Həmçinin “Azərbaycanın 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Yaşıl peşələr” üzrə bir çox peşə və kvalifikasiya standartlarının hazırlanması, eləcə də həmin bacarıqlar üzrə peşə hazırlığının təşkili (Robotlar və robototexniki sistemlər, süni intellekt, dron texnologiyaları və s. sahələr üzrə mütəxəssislər) istiqamətində tədbirlər həyata keçiriləcəkdir”, - nazir bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
qafqazinfo.az

1Mənbələr