Bu həftə bizim üçün mühüm bir mərhələdir. Bakı İqlim Fəaliyyəti Həftəsi artıq ikinci dəfədir keçirilir və bu dəfə daha geniş və zəngin məzmunla əhatə olunub. Biz ötən il ilk dəfə bu təşəbbüsə başlayanda əsas məqsədimiz ictimaiyyətin reaksiyasını ölçmək idi. Bu gün isə sevindirici haldır ki, həm ölkəmizdə, həm də dünyada göstərilən böyük maraq və dəstəyin şahidi oluruq. Bu həftə ərzində 46 müxtəlif sessiya keçirilir və hər biri xüsusi tematik mövzulara həsr olunub.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində keçirilən “Gənclərin Rəhbərliyində İqlim Forumu”nda deyib.
Nigar Arpadarai çıxışı zamanı gənclərə müraciət edib. "Əziz gənclər, bir həqiqəti vurğulamaq istəyirəm. Bu tədbir sadəcə bir toplantı deyil, hərəkatdır. İqlim fəaliyyətini irəli aparan ən güclü qüvvə sizsiniz! Sizin enerjiniz, ideyalarınız və təciliyyət hissiniz. Bunlar sadəcə ruhlandırıcı deyil, həm də bu mübarizənin ayrılmaz əsas şərtidir.Azərbaycan COP29-a ev sahibliyi edəndə dünya ümid və qətiyyətlə Bakıda bir araya gəldi. Bu, bizim üçün qürur və məsuliyyət anı idi. Amma həmin prosesin əsl mirası yalnız imzalanmış sənədlərdə və ya verilmiş öhdəliklərdə deyil, ondan sonra görüləcək işlərdədir. Çünki iqlim dəyişikliyi uzaq gələcəyin deyil, bu günün reallığıdır. O, sizin gələcək həyatınıza çox təsir edəcək. Unutmayaq ki, heç bir yol xəritəsi, qlobal öhdəlik sizin liderliyiniz, israrınız və təzyiqiniz olmadan uğurla həyata keçirilə bilməz. Dünyanın hər yerində gənclər artıq öncüllük edirlər. Təmiz enerji startapları yaradır, ekoloji layihələrə rəhbərlik edir, maarifləndirmə aparır, ədalət tələb edir və həmyaşıdlarını cəsarətlə səfərbər edirlər. Elə burada Azərbaycanda da gənclər yaşıl həllər hazırlayır, plastik tullantılara qarşı mübarizə aparır, Xəzərdən dağ kəndlərinə qədər meşələrin bərpası və təbiəti mühafizə təşəbbüslərinə qoşulurlar. Siz göstərirsiniz ki, ambissiya yalnız sözlərlə ölçülmür, ambisiya insanları, icmaları və bütün sistemi dəyişdirən real hərəkətdir. Bu Forum sizin platformanızdır, innovasiya etmək, ideyalarınızı bölüşmək, siyasətlərin formalaşmasına təsir göstərmək üçün bir fürsətdir. Bizim mövqeyimiz açıqdır: gənclər bu prosesin mərkəzində olmalıdırlar. Azərbaycan olaraq biz gənclərin gücləndirilməsini yalnız düzgün deyil, həm də ağıllı seçim hesab edirik. Ölkəmiz iqtisadiyyatını şaxələndirərkən, bərpaolunan enerji sahəsini böyüdərkən və iqlim dayanıqlığını gücləndirərkən bu dönüşümün əsas hərəkətverici qüvvəsi məhz siz – sizin bacarıqlarınız, innovasiyanız və liderliyiniz olacaq. Əlbəttə, gələcək çətinliklərlə doludur: süni intellekt, rəqəmsallaşma və iqlim dəyişikliyi dünyanı yeni çağırışlarla üz-üzə qoyur. Lakin, eyni zamanda, böyük imkanlar da gətirir. Bu imkanlardan necə yararlanmaq, yeni bacarıqları necə qazanmaq və gələcəyinizi necə formalaşdırmaq isə artıq sizin əlinizdədir, əziz gənclər! Burada olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Bilin ki, Azərbaycan və COP29-un sədrliyi olaraq biz həmişə yanınızdayıq və təşəbbüslərinizdə sizi dəstəkləməyə hazırıq. Gəlin birlikdə sözləri əmələ, əməli isə qalıcı dəyişikliklərə çevirək", - deyə o bildirib.