AZ

İsrailin qübbəsi, Türkiyənin cübbəsi

Türkiyə telekanallarını, qəzet və internet saytlarını izləyəndə bir qədər rasional düşünən, bir qədər də Yaxın və Orta Şərqin tarixindən xəbərdar olan adamları heyrət bürüyür. Hər şeydən öncə Mustafa Kamal Atatürkün qanı və canı bahasına qurduğu modern və sekulyar dövlətin zehniyyət problemlərini böyük məyusluq doğurur. Hazırda həbsdə olan peşəkar jurnalist, xüsusilə elmi populyarlaşdıran proqramlarını böyük maraqla izlədiyim Fatih Altaylının boş kreslosu qədər reytinq toplaya bilməyən İstanbul mediasının anti-İsrail propoqandasını acı bir təbəssümlə izləmək məcburiyyətindəyik və bu, olduqca məyusedicidir.

Qəzza bir münaqişə bölgəsidir və bütün münaqişə bölgələrində olduğu kimi burada da insanlıq dramı yaşanır. İsrail-Fələstin qarşıdurmasının yaşı Azərbaycanın yeni müstəqillik yaşından 2 dəfədən də çoxdur. Münaqişə başlayanda hazırda Türkiyənin üzv olduğu NATO belə tarix səhnəsində yox idi. Odur ki, İkinci Dünya Savaşından sonrakı tarixi bilərəkdən və ya bilməyərəkdən təhrif etmək, daxili auditoriyanı yönləndirmək üçün əcinnə axtarışına çıxmaq, “Fələstin müsibəti”nin günahkarları cərgəsinə hər vəchlə Azərbaycanı da calamağa çalışmaq heç bir halda sağlam düşüncənin məhsulu ola bilməz.

29 noyabr 1947-də BMT Baş Assambleyası sözügedən bölgədə yəhudi və ərəb dövlətlərinin yaranması barədə qərar qəbul etmişdi. Yəhudilər bu qərarla razılaşdılar, amma ərəblər bu planı rədd etdilər. 14 may 1948-ci ildə Tel-Əvivdə David Ben-Qurionun oxuduğu “Müstəqillik Bəyannaməsi” ilə İsrail öz müstəqilliyini elan etdi. Bu hadisə Britaniya mandatının rəsmən başa çatmasından bir neçə saat əvvəl baş verdi. Ertəsi gün- 15 may 1948-ci ildə ərəb dövlətlərinin İsrailə hücumu ilə Birinci Ərəb–İsrail müharibəsi başladı. Misir, İordaniya, Suriya, Livan və İraq orduları 1 günlük İsrail dövlətinə hücuma keçdi. Nəticəsi də o oldu ki, bir sürü ərəb dövləti “çağa” İsrailə məğlub oldu və İsrail BMT planındakı sərhədlərdən daha geniş ərazilərə nəzarət əldə etdi. O zamandan bəri tarix, şərtlər, beynəlxalq münasibətlər çox dəyişib. Ancaq ərəb dünyasının məntiqi, daha doğrusu məntiqsizliyi dəyişməyib. Məntiq onu deyir ki, Fələstin vahid, güclü mərkəzi hakimiyyətə malik, demokratik bir ölkə olsaydı, İsraillə özü danışa və barışa bilsəydi, bu günkü kənar oyunçuların, el dilində desək, “mamaça”ların ümidinə qalmaz, gərəkəndə İsrailin qarşısına da özü çıxardı.

Azərbaycan yenidən müstəqillik qazanmış respublikadır, amma qətiyyən tarix bilgisi olmayan, diplomatiyadan bixəbər deyil. Rəsmi Bakı istənilən geosiyasi oyunu kifayət qədər yaxşı oxuyur, öz milli və təhlükəsizlik maraqlarından çıxış edərək məkrli oyunların təkrib hissəsi olmaq istəmir. Bu oyunun çox tərəfi var, məlum. Özünü beynəlxalq güc görən hər kəs münaqişənin alovlanmasına bir vedrə benzin tökür. Xristian dünyası bir tərəfdən, ərəb müsəlman dünyası o yandan. Amma əsas sual budur: Türkiyə doğrudanmı fələstinpərvərdir? Azərbaycanı “Fələstinə yağı”, “Sionist yanlısı” göstərmək istəyən Türkiyə mediasına bu sualı ünvanlamağın vaxtı çoxdan çatıb.

Türkiyə gerçəkdən Fələstinpərvər olsaydı, Fələstində daxili qarşıdurmalara və faktiki vətəndaş müharibəsinə rəvac verən, bütövlükdə islam dünyasında qarşıdurma, zorakılıq və intriqalar yaradab “Müsəlman qardaşları “ideologiyasının daşıyıcısı olan HƏMAS-ı deyil, Ramallah Administarsiyasını- qanuni hakimiyyəti dəstəkləyərdi. Söhbət müasir dünyanın terrorçu kimi tanıdığı, istər 1988, istərsə də 2017-ci ildə qəbul etdiyi proqramlara əsasən İsraili dövlət kimi tanımaq istəməyən HƏMAS-dan gedir. Türkiyə özünün belə tanıdığı bir dövləti tanımayan bir radikal cərəyanla cükküldəşərək bölgəyə nə barış gətirə bilər, nə də tarixi nüfuzunu bərpa edə. Eyni tendensiya Sudanda da mövcuddur. Bir qrup müsəlman ölkəsi general Məhəmməd Həmdanın başçılıq etdiyi “Xüsusi Təyinatlılar”ın rəhbərini, digərləri Xartun hökumətini dəstəkləyir. Türkiyə də bu prosesin tərkib hissədidir. Nəticə Sudan poliqona çevrilib, xalq faciə içindədir.

Seçilən
7
aznews.az

1Mənbələr