AZ

Paşinyanın BMT çıxışı: Sülh mesajı, müxalifətin sərt ittihamları - ÖZƏI

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-də çıxış edərkən itkin düşmüşlərin taleyinin və həbs olunanların probleminin həllinin prioritet olduğunu bildirib. O, Azərbaycanla münasibətlərdə dönüş yarandığını və ABŞ-nin vasitəçiliyi ilə sülh sazişi layihəsinin paraflanmasını qeyd edib, bu prosesdə Donald Trampın rolunu vurğulayıb.

" Erməni müxalifəti Paşinyanın Azərbaycanla danışıqlarda təslimçi mövqedən çıxış etdiyini, rəsmi Bakı qarşısında güzəştlərə meyilli olduğunu iddia etməklə seçkilərdə etiraz elektoratının dəstəyini qazanmağa ümid edir. Hazırda kilsə və müxalifət Paşinyanı Ermənistanın milli maraqlarına xəyanət etdiyini, onun "Real Ermənistan" layihəsinin "Böyük Ermənistan" konsepsiyası ilə ziddiyyət təşkil etdiyini, ölkənin milli maraqlarını qlobalistlərə güzəştə getdiyini bildirməklə qarşıdan gələn parlament seçkilərində Paşinyanın məğlubiyyətinə hesablanmış siyasəti həyata keçirməyə çalışır".

Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib: 

"Rusiya ilə münasibətlərdə əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olan dairələr Paşinyanın Qərblə münasibətlərin perspektivinə dair baxışlarının Ermənistanın suverenliyi üçün ciddi təhlükə olacağını vurğulayırlar. Ölkənin seçkilər ərəfəsində olduğu bir şəraitdə Paşinyan onu güzəştli mövqe sərgiləməkdə ittiham edən müxalifətə siyasi divident qazandırmamaq üçün əsasən daxili auditoriyaya ünvanlanmış bu cür müraciətlərlə çıxış edir. Həbsdə olan erməni dustaqlarının qaytarılması, habelə onların sonrakı durumu ilə bağlı məsələlər Ermənistan müxalifətinin seçkilərdə siyasi divident qazanmaq üçün müraciət etdiyi çağırışlar kateqoriyasındandır.
Hazırda həbsdə olan və məhkəmə istintaqına cəlb edilmiş erməni əsilli şəxslər Dağlıq Qarabağdakı separatçı rejimin Azərbaycan dövləti və xalqına qarşı cinayətlərində iştirak etmiş və buna görə məsuliyyətə cəlb olunmuş şəxslərdir. Onların ittiham olunduqları maddələr üzrə cinayət törətdikləri məhkəmə yolu ilə təsdiqlənərsə, bağışlanmaları və Ermənistana təhvil verilmələri Ermənistanda millətçi dairələrin hakimiyyətə gəlişinə yol verməmək üçün rəsmi İrəvanla danışıqlarda siyasi məzmun daşıyan müzakirə predmeti ola bilər. Lakin dövlətçilik əleyhinə cinayətlərdə ittiham olunanların hətta prezident tərəfindən bağışlanması üçün onların müəyyən zaman kəsiyində azadlıqdan məhrum olmaları qaçılmazdır. Bu kimi məsələlərdə hətta dövlət maraqları naminə liderlik nümayiş etdirmək cəmiyyət tərəfindən birmənalı qarşılanmayan həyəcanlara səbəb ola bilər. Ümumiyyətlə isə, dövlət maraqları naminə praktikada belə addımların atılması məlumdur ki, indiki şəraitdə bunu da istisna etmək olmaz". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr