AZ

"‘Z nəsli’ etirazları Nepal və Madaqaskardan digər ölkələrə də yayıla bilər”- Politoloqdan şərh

Madaqaskarda sentyabrın 25-də elektrik enerjisinin və suyun kəsilməsinə qarşı başlanan nümayişlər fonunda ölkə prezidenti Andry Rajoelina hökumətin buraxıldığını elan edib.
İğtişaşlar zamanı azı 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Həlak olanlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən öldürülən etirazçılar, habelə iğtişaşlar və qarətlər zamanı həlak olanlar var.
Madaqaskarda baş verənlər indiki məqamda diqqət çəkir. Diqqət çəkən əsas detal etirazçıların əksəriyyətinin “Z” nəsli olmasıdır. Məlum olduğu kimi, Nepalda da gənclər sosial şəbəkələrdə təşkilatlanıb hökuməti devirmişdi. Bu hadisədən sonra Madaqaskarda da bənzər hal yaşanıb.
Nepalda inqilab baş verərkən də demişdim ki, bu etirazlar sadəcə bir etiraz və ya inqilab deyil. Bu, daha böyük bir planın tərkib hissəsidir. Xüsusilə də verilən mesajlar, “Z nəsli”nin əsas qüvvə kimi səhnəyə çıxması, prosesin digər ölkələrə sıçrama ehtimalı yüksəkdir. “Z nəsli dayanmayacaq” ifadəsi Madaqaskarın timsalında bir daha özünü doğrultdu. Göründüyü kimi, bu yalnız Nepal, Madaqaskar üçün deyil, bütün dünya üçün ciddi xəbərdarlıqdır.
Ümumiyyətlə, bu proses sosializm öncəsi dövrə çox bənzəyir. Belə ki, sosializm öncəsi dövrlərdə də cəmiyyətlərdəki əsas narazılıq, mülkiyyətin və gücün az sayda insanın əlində cəmlənməsi ilə bağlı idi. Kütlələr özlərini sistem daxilində təmsil olunmamış, kənarda qalmış, səsi eşidilməyən hiss edirdilər. Həmin dövrdə də bu narazılıq konkret ideoloji forma almamışdı yəni hələ marksizm sistemli təklif olaraq ortaya çıxmamışdı. İlk başda bu sadəcə köhnəyə, ədalətsizliyə, imtiyaza qarşı bir yığılmış qəzəb, etiraz idi. Və bu qəzəb yeni nəsil tərəfindən ifadə olunurdu.
İndi də biz eyni enerjini görürük. Sadəcə bu dəfə texnologiya və informasiya axını bu prosesi sürətləndirir. “Z nəsli” özünü ideoloji sistemlərə bağlamır. Bu da onu sosializm öncəsi narazı kütlələrlə birləşdirən cəhətdir. Sistem sadəcə onları maddi deyil, mənəvi baxımdan da boğur. Dediyim kimi, bu nəsil nəzarəti təhdid kimi görür, çünki nəzarət onlara alternativ gələcək və ya identiklik təqdim etmir.
Sosializm öncəsi dövrlərdə olduğu kimi, burada da əsas məsələ yalnız aclıq və ya kasıblıq deyil təmsil olunmamaq, gələcəyin əlindən alınması və bunun dəyişdirilə biləcəyinə olan inamın qığılcımıdır. Bu qığılcımı indi sosial media verirsə də, bir zamanlar qəzetlər, kiçik fəhlə dərnəkləri və intellektual müzakirələr verirdi. Alət dəyişib, hiss və impuls eyni qalıb.
Mənə görə ən vacib paralel isə köhnə sistemlərin cavab verə bilməməsidir. Onlar ya zorakılıqla susdurmağa çalışır, ya da kosmetik dəyişikliklərlə prosesi gecikdirir. Bu isə yenə də sosializm öncəsi dövrün ümumi atmosferini xatırladır.
Hələlik proses daha az diqqət çəkən, dünya ictimaiyyətinin diqqətindən uzaqda olan ölkələrdə gedir. Daha doğrusu, Nepal və Madaqaskar bir testdir. Cəmiyyətin yeni nəsli necə təşkilatlanır, necə qəzəblənir və nə qədər irəli gedə bilər bütün bu suallara cavab axtarılır. Doğru şərait və emosional impulsla bu nəsil köhnə strukturları silkələmək gücündədir.
“Z nəsli”nin sosial media ilə olan simbiozu, onların emosional və ideoloji yönləndirilməyə açıqlığı, real və köklü narazılıqları hətta sabit görünən sistemləri də sarsıda bilər. Üstəlik, bəzi ölkələrdə bu “şərait” artıq hazırdır. İqtisadi çətinliklər, siyasi gərginlik, güvənsizlik və sosial parçalanmanın olduğu ölkələr buna daha uyğundur.
“Z nəsli” etirazları hər nə qədər sosializm öncəsi dövrü xatırlatsa da, nə sağa, nə sola, nə də klassik ideoloji sistemlərə tam mənada bağlı deyil. Özlərini təmsil olunmamış hiss edirlər, öz dilləri və dünyagörüşləri var. Bu isə mövcud rejimlə ziddiyyət yaradır.
Bu gün ola bilər ki, “Z nəsli” etirazları Nepalda ya da Madaqaskarda yaşanır. Amma bu tendensiyanın qısa zamanda bizə yaxın coğrafiya və ölkələrə sıçraması da mümkündür. Mənə görə, Türkiyə və İran buna çox münasibdir.
Politoloq Turan Rzayev
Seçilən
4
1
news365.az

2Mənbələr