AZ

Türkiyənin ən böyük jurnalist təşkilatının sədrindən Azərbaycanla bağlı ÇAĞIRIŞ

Son aylarda Türkiyənin bəzi media qurumlarında və sosial media hesablarında Azərbaycana qarşı saxta və təhrif olunmuş xəbərlərin sayı artmaqdadır.

Mediada Azərbaycan guya İsrailə müharibədə dəstək verməkdə ittiham edilir, halbuki rəsmi Bakı daim “iki dövlətli həll yolu”nu dəstəklədiyini açıq bəyan edib.

Azərbaycanın dəfələrlə verdiyi rəsmi açıqlamalara və təkziblərə baxmayaraq, dezinformasiyaların tirajlanması davam edir. Hətta BMT-nin 80-ci sessiyası çərçivəsində yayılan saxta fotolar buna bariz nümunədir. Burada iddia edilirdi ki, Azərbaycan nümayəndə heyəti Netanyahunun çıxışını dinləyib və alqışlayıb. Halbuki BMT müzakirələri açıq şəkildə canlı yayımlanır, Azərbaycanın media nümayəndələri də prosesi yerində işıqlandırıblar.

Təəssüf ki, bu kampaniyaya "Hürriyət" və "Sabah" kimi nüfuzlu qəzetlər də qoşulub. Azərbaycanın rəsmi qurumları dəfələrlə saxta xəbərləri təkzib etsə də, bəzi media qurumları yalan yaymağa davam edirlər. Türkiyə rəsmiləri məlumatları hələlik təkzib etməyib.

Modern.az-ın məlumatına görə, Türkiyənin ən böyük jurnalist təşkilatı hesab edilən Beynəlxalq Jurnalistlər Şurasının (BJŞ) sədri Mehmet Ali Dim Azərbaycana qarşı qarayaxma kampaniyasına münasibət bildirib.

O qeyd edib ki, Qəzza üçün Türkiyə xalqı qədər Azərbaycan xalqı da kədər hissi keçirir:

"Qardaş Azərbaycanın İsraili dəstəklədiyi və İsrailin siyasətinə, Qəzzadakı soyqırıma qarşı etiraz etmədiyi iddiaları ilə bağlı olaraq Türkiyədə bəzi dairələr tərəfindən mediada xəbərlər yayımlanması və sosial şəbəkələrdə paylaşımlar edilməsi bizlər tərəfindən də xüsusilə narahatlıq və təəssüf hissi ilə izlənilməkdədir.

Bilinməlidir ki, “Bir millət, iki dövlət” prinsipi ilə hərəkət edən iki ayrı dövlətdən söhbət gedir və bu iki ayrı dövlətin bir-birinin tamamilə eyni və ya oxşar siyasətləri mənimsəməsini gözləyə bilmərik. Dövlətlərin suverenlik hüquqlarına hörmətlə yanaşmaq məcburiyyətindəyik. Həm də toplum olaraq həm sevinci, həm də kədəri bölüşmə şüuruna sahibik.

Qəzza üçün Türkiyədəki türk xalqı qədər Azərbaycandakı türk xalqının da üzüntü və narahatlıq keçirdiyini bilirəm. Azərbaycan səfərimiz zamanı Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyev də bu mövzuda açıqlama vermiş və Türkiyə mediasında Azərbaycanla bağlı dezinformasiya xarakterli bu cür materialların dərc olunmasından dərin üzüntü duyduqlarını bildirmişdi.

Azərbaycan dövlətinin əsla belə bir siyasət yürütmədiyini bilirik və Qəzza mövzusunda da ən az Türkiyə dövləti qədər həssasiyyət göstərdiyinə və bu məsələdə etiraz etdiyinə şahid oluruq. Türkiyə mediasının və sosial şəbəkə istifadəçilərinin bu mövzuda daha məsuliyyətli davranması gərəkir.

Bu cür xəbərlərin yayılması ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin pozulması, qardaş Azərbaycan və Türkiyə cəmiyyətlərinin arasına nifaq salınması kimlərin işinə yarayacaq, çox maraqlıdır".

Seçilən
6
1
modern.az

2Mənbələr