AZ

Leyla Həsənova: Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən ilk Gənclər Forumu güclü bir ənənənin başlanğıcıdır

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində keçirilən ilk Gənclər Forumu həm tarixi bir mərhələdir, həm də inanırıq ki, gənclərin iqlim həllərində liderlik rolunu formalaşdıracaq güclü bir ənənənin başlanğıcıdır.

AZƏRTAC xəbər verir ki, bunu COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində keçirilən Gənclərin Rəhbərliyində İqlim Forumundakı çıxışı zamanı deyib.

O bildirib ki, ötən gün Bakı İqlim Fəaliyyəti Həftəsi 2025-in açılış günü çərçivəsində “Kiçik iqlim çempionları” adlı təşəbbüs işə salınıb:”Həmin layihəni Regional İnkişaf İctimai Birliyi ilə birgə həyata keçirdik. Burada İqlim Dəyişikliyi Yay Düşərgəsinin keçmiş iştirakçıları uşaqlara iqlim dəyişikliyi və ətraf mühitin qorunması üzrə əsas anlayışları təqdim etdilər. Onların marağı və sevinc dolu reaksiyaları bizə xatırlatdı ki, işimizin əhəmiyyəti nədədir və uşaqların, gənclərin iqlim həllərinin və müzakirələrinin mərkəzində olması niyə vacibdir”.

Leyla Həsənova vurğulayıb ki, Bakı İqlim Fəaliyyəti Həftəsi yalnız dəyirmi masa müzakirələri üçün deyil. Məqsəd bütün cəmiyyəti bu məsələyə cəlb etmək, böhranı həll etmək və iqlim mövzusunu hər kəsin gündəliyinə gətirməkdir. “Növbəti iki gün ərzində bu Forum gəncləri, siyasətçiləri, beynəlxalq təşkilatları və innovatorları bir araya gətirəcək. Məqsəd iqlim fəaliyyətini rəqəmsal transformasiya, təmiz enerji, dayanıqlı şəhərlər və iqlim diplomatiyası vasitəsilə irəli aparmaqdır. Sabah isə tematik qrup işləri ilə davam edəcəyik və iştirakçılar artıq öyrəndiklərini tətbiq edəcəklər. Burada əsas diqqət mesajların düzgün qurulmasına, gənclərin prioritetlərinin və həll yollarının aydın şəkildə eşidilməsinə yönələcək. Bu Forumdan kənarda isə builki Bakı İqlim Fəaliyyəti Həftəsi ən geniş gənclər proqramına sahibdir. Həftə boyunca "Sustainable Expo", "Planet üçün İncəsənət və İnnovasiya", kənd təsərrüfatı üzrə gənclər üçün seminar, ADA Universitetində iqlim dəyişikliyi üzrə ikinci tədbir və Dayanıqlı Karyera Yarmarkası da keçiriləcək. Bunların hamısı göstərir ki, gənclər elmdə, innovasiyada, incəsənətdə və təhsildə liderlik edirlər və karyera yollarını qururlar. Siz burada ideyaları irəli gətirmək üçün cəsarət, köhnə modelləri aşmaq üçün yaradıcılıq və uşaqların, gənclərin səsinin qərar qəbuletmənin mərkəzində olmasını təmin etmək üçün əlaqələr nümayiş etdirəcəksiniz", - deyə o diqqətə çatdırıb.

 

Seçilən
24
1
azertag.az

2Mənbələr