AZ

Səfir Qüdsi Osmanov Yassı meri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Musavat.com xəbər verir ki, 30 sentyabr tarixində Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Yassı şəhərinin meri Mihay Kirika ilə görüşüb. Görüş zamanı Azərbaycan-Rumıniya strateji tərəfdaşlığı, xüsusən də Yassı şəhəri ilə əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mihay Kirika çıxışında bildirib ki, Azərbaycan regionda güclü mövqeyə malik bir ölkə kimi Avropa üçün mühüm strateji əhəmiyyət daşıyır. O, Yassı ilə Azərbaycan arasında energetika, qida məhsullarının ixracı və müdafiə sənayesi sahələrində əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib. Mer həmçinin şəhərin sürətlə inkişaf etdiyini vurğulayaraq, Azərbaycanlı investorları Yassıya sərmayə qoymağa dəvət edib.

Kirika mədəni-humanitar sahədə, xüsusən universitetlər arasında əlaqələrin genişləndirilməsi üçün bütün şəraitin olduğunu bildirib. O, hazırda Yassıda beş iri nüfuzlu universitetin fəaliyyət göstərdiyini və bu ali təhsil ocaqlarında təxminən 65 min tələbənin təhsil aldığını diqqətə çatdırıb.

Səfir Qüdsi Osmanov öz növbəsində iki ölkənin regionları arasında əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib və Yassı merini Azərbaycana səfərə dəvət edib. Diplomat görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib, həmçinin Rumıniya tərəfini Qarabağ İqtisadi regionu ilə əməkdaşlığa çağırıb. Osmanov hətta həmin regiondakı şəhərlərdən biri ilə qardaşlaşma sazişinin imzalanması məsələsinin nəzərdən keçirilməsini təklif edib.

Səfir əlavə edib ki, Azərbaycan universitetlərarası əlaqələrin yaradılması və inkişafı üçün tam hazırdır.

Qeyd edək ki, Yassı şəhəri son 15 ildə Avropanın ən sürətlə böyüyən şəhərlərindən biri hesab olunur və əhalisinə görə Rumıniyada paytaxt Buxarestdən sonra ikinci yerdədir.

Musavat.com

Seçilən
13
1
musavat.com

2Mənbələr