AZ

Avropa Dilləri Yarmarkasında Azərbaycan stendi təqdim olunub

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 sentyabr, AZƏRTAC

Sofiyanın mərkəzində “İvan Vazov” Milli Teatrının qarşısındakı meydanda Avropa Dilləri Yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir 19 dili əhatə edib və Avropa Komissiyasının Bolqarıstandakı “Yazılı tərcümələr” Baş İdarəsinin nümayəndəliyi tərəfindən EUNIC-Bolqarıstan üzvü olan dil və mədəniyyət institutları, eləcə də Avropa İttifaqına daxil olmayan ölkələrin mədəniyyət mərkəzləri, konsulluq və səfirlikləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi bu il də təşəbbüsə qoşularaq festival iştirakçılarını Azərbaycan dili, Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə tanış edib. Mərkəzin stendi türkologiya ixtisasının tələbələri – Azərbaycan dili üzrə təhsil alan Katrin Nikova və Veronika Balkancı tərəfindən dəstəklənib. Onlar qonaqlara Mərkəzin fəaliyyəti, türkologiya ixtisasında tədris olunan Azərbaycan və türk dilləri barədə ətraflı məlumat veriblər.

Stenddə Azərbaycan yazıçı və şairlərinin əsərlərinin müxtəlif Avropa dillərinə, o cümlədən bolqar dilinə tərcümələri təqdim olunub, həmçinin Azərbaycan haqqında maraqlı faktlar, eləcə də Marqarita Pavlovanın Azərbaycana həsr olunmuş “Plamıçka və Plamıçko” kitabından parçalar, “Bir neçə türk dilində ifadələr öyrənmək istəyirsinizmi?” adlı maarifləndirici vərəqələr yer alıb.

Qeyd edək ki, təqdimatın əsas məqsədi Bakı Slavyan Universiteti tərəfindən yaradılan Azərbaycan mərkəzinin fəaliyyətinin təbliği və Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsinin türkologiya ixtisasında tədris edilən Azərbaycan dilini gənclər üçün daha cəlbedici etmək və onların bu sahəni seçməsinə dəstək verməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
azertag.az

1Mənbələr