AZ

Ayaqlar üçün ən zərərli dabanlı ayaqqabı açıqlanıb

Travmatoloq Kazakov: Hündür dabanlı, dar burunlu ayaqqabılar ən təhlükəlisidir.

E-saglam.az xəbər verir ki, dabanlı ayaqqabı geyinmək ayağın təbii fəaliyyətini pozur. Bunu Rusiya Səhiyyə Nazirliyinin Piroqov Universiteti Cərrahiyyə İnstitutunun travmatologiya, ortopediya və hərbi-sahə cərrahiyyəsi kafedrasının assistenti, tibb elmləri namizədi Kirill Kazakov “Gazeta.ru”-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, ayaqlar üçün ən zərərli ayaqqabı hündür dabanlı və dar burunludur. Bu cür modellər damarları və sinirləri sıxaraq keyimə, ağrı və qan dövranının pozulmasına səbəb olur. “Hündür dabanlı, dar burunlu ayaqqabılarda üçüncü barmaq yuxarı qalxır, birinci və beşinci barmaqlar isə aşağı enir. Yəni barmaqlar dalğavari vəziyyətdə yerləşir”, – deyə həkim izah edib.

Kazakov əlavə edib ki, dabanlar ağırlıq mərkəzini dəyişdirir, dayaq nöqtələrini pozur və bu da zədələnmə riskini artırır. Ayağın ön hissəsinə davamlı təzyiq isə barmaq deformasiyası, dırnaqların ətə doğru uzanması, kallus və dözülməz ağrılarla müşayiət olunan yastıpəncəlik yarada bilər. Ən çox isə baş barmaq zərər görür – vaxt keçdikcə onda halluks valgus (“sümük çıxıntısı”) əmələ gələ bilər.

Ziyanı azaltmaq üçün həkim məsləhət görür ki, hündür dabanlı ayaqqabıda yavaş və qısa addımlarla hərəkət edilsin, yumşaq və nahamar səthlərdən (torpaq, otlu yerlər) qaçınılsın, pilləkənlərdə isə xüsusi ehtiyatlı olmaq lazımdır. İlk ağrı əlamətlərində isə mütləq rahat ayaqqabıya keçmək tövsiyə olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
25
e-saglam.az

1Mənbələr