AZ

DYP küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

DİN‑in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraitinə görə yol hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə bildirilir ki, Milli Hidrometeorologiya Xidməti oktyabrın 2‑nə qədər Bakı, Abşeron yarımadası və əksər bölgələrdə güclü külək üzrə sarı və narıncı xəbərdarlıqlar verib.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

Xüsusilə, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

Seçilən
0
33
anews.az

10Mənbələr