AZ

Beynəlxalq sülh və inkişafın dəstəklənməsi

Toğrul Zeynalov,

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Prezident İlham Əliyev 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışında Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərinə geniş şəkildə minalar yerləşdirməsi faktını beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq, bu təhlükənin bu gün də bütün ciddiyyəti ilə davam etdiyini vurğuladı. O bildirdi ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra azad olunmuş ərazilərdə aparılan minatəmizləmə işləri zamanı üzə çıxan real mənzərə, Ermənistanın məqsədli şəkildə və beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri, yol kəsişmələri və infrastruktura yaxın ərazilər də daxil olmaqla, geniş əraziləri minaladığını təsdiqləyir. Bu günədək 400-dən çox azərbaycanlının mina partlayışları nəticəsində həlak olması və ya ciddi xəsarət alması, bu təhlükənin təkcə keçmişin problemi olmadığını, əksinə, bu gün də real həyatlara təsir etdiyini göstərir. Prezident çıxışında minaların sülh və bərpa səylərinə əsas maneələrdən biri olduğunu qeyd edərək bildirdi ki, minalar keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına əngəl törədir. Minatəmizləmə işləri olmadan nə infrastrukturun yenidən qurulması, nə də kənd təsərrüfatının, iqtisadi fəaliyyətin bərpası mümkündür. Ermənistan tərəfinin verdiyi mina xəritələrinin dəqiqliyinin cəmi 25 faiz olduğu təsdiqləndiyindən, bu, minatəmizləmə prosesini həm çətinləşdirir, həm də onun müddətini uzadır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan mina probleminin öhdəsindən gəlmək üçün böyük maliyyə və texniki resurslar ayırır, milli qurumlar və texnologiyalar bu işə cəlb edilir, lakin bu, eyni zamanda beynəlxalq dəstək tələb edən qlobal bir məsələdir. Minalar təkcə bir ölkənin təhlükəsizlik problemi deyil, həm də insan hüquqlarına, mülki əhaliyə və postmünaqişə dövründə sülh quruculuğuna yönəlmiş bir təhdiddir. Prezident dünya birliyini bu humanitar fəlakətin miqyasına biganə qalmamağa və minalardan əziyyət çəkən ölkələrə, o cümlədən Azərbaycana həm texniki, həm də maliyyə baxımından dəstək verməyə çağırdı. Onun sözlərinə görə, bu çağırış təkcə Azərbaycanın təhlükəsizliyinin deyil, ümumilikdə beynəlxalq sülh və inkişafın dəstəklənməsinin bir hissəsi olmalıdır.

Seçilən
4
1
yeniazerbaycan.com

2Mənbələr