AZ

Ayıların kəndlərə hücum səbəbi bu imiş Açıqlama

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Quba rayonunda ayıların kəndlərə hücumları ciddi narahatlıq doğurur. Son belə hadisə Qımılqazmada qeydə alınıb. Belə ki, ayılar tövlədə olan 18 baş qoyunu parçalayıblar. Ötən həftə isə digər kəndlərdə oxşar olaylar yaşanıb.

Ayıların gözlənilməz hücumlarının səbəbi nədir?

Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayev deyib ki, ayıların rasionunda meyvə, giləmeyvə, qoz, fındıq və ağac kökü kimi bitki mənşəli qidalar üstünlük təşkil etsə də, onlar yırtıcı heyvanlardır:

“Xüsusilə balalı dövrdə və qış yuxusuna getməzdən əvvəl onların zülal və enerji tələbatı artır. Bu zaman ətə olan ehtiyac da fizioloji olaraq yüksəlir. Son illərdə meşələrimizdə aparılan nəzarətsiz və qanunsuz qırıntılar nəticəsində ayıların təbii yem bazası azalıb. Bununla yanaşı, qida zəncirində yer alan digər heyvan növlərinin sayının kəskin azalması da ayıların yem tapmasında çətinlik yaradır. Nəticədə onlar kəndlərə yaxınlaşır və mal-qaraya hücum edirlər. Digər bir mühüm amil isə əhalinin sayının artması, yeni yaşayış məntəqələrinin salınması və mövcud yaşayış areallarının genişlənməsidir. Bu proses ayıların təbii yaşayış areallarının daralmasına gətirib çıxarır”.

A.Mustafayev bildirib ki, məişət tullantılarının düzgün idarə olunmaması da vəziyyəti ağırlaşdırır:

“Xüsusən kəndlərdə və rayonlarda bərk məişət tullantılarının çay kənarlarında və kəndlərin yaxınlığında toplanması, bələdiyyələrin bu sahəyə yetərincə diqqət etməməsi qida axtaran ayıları insan məskənlərinə yaxınlaşdırır. 2000-ci illərin əvvəllərinə qədər ayı ovuna limit müəyyən edilmişdi. Proses nəzarətli şəkildə aparılır, saylar sabit dinamikada saxlanılırdı. Hər ayı 2-3 bala verir və təbii tənzimləyici faktorlar məhduddur. Təkamülün onlara verdiyi instinktiv bacarıqlar sayəsində özlərini yaxşı qoruyurlar, bu da onların sayının nəzarətsiz artmasına şərait yaradır. Belə vəziyyət ovun yenidən tənzimlənməsini zəruri edir. Çünki kənd təsərrüfatı ilə məşğul olan insanlar mal-qarasını qorumaqda çətinlik çəkir, maddi ziyana uğrayır və ayı təhlükəsi səbəbilə heyvandarlıqdan uzaqlaşırlar”.

Arzu Mustafayev

Ekoloq qeyd edib ki, artıq Qırmızı Kitabda olan ayı növü 2023-cü ildən bu siyahıdan çıxarılıb:

“Limitli və nəzarətli ovun bərpası gündəmə gətirilməlidir. Bu məqsədlə Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə müraciət edib. Xidmətdən bildirilib ki, mövzu Ov Məsələləri üzrə Koordinasiya Şurasında müzakirəyə çıxarılacaq. Düşünürəm ki, müəyyən limitlər çərçivəsində ov icazəsinin verilməsi zəruridir. Bu yalnız ayılara deyil, canavarlara da aiddir”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr