AZ

Müəllimlər gününə hədiyyə: dəyər, yoxsa rüşvət?

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir. Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) açıqlama yayıb. Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları" təsdiq edilib: "Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir".

Elm və təhsil naziri Emin Əmrullayev isə bildirib ki, təhsil müəssisələrində pul yığılması və neqativ hallarla bağlı müvafiq tədbirlər görülür: "Azərbaycanda 4400 məktəb var və bütün hallarla bağlı araşdırmalar aparılıb. Bu cür məsələlərə həm media, həm də ictimaiyyət diqqət göstərməlidir".

Təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, müəllimlər üçün ən gözəl hədiyyə bir dəstə çiçəkdir: "Bu gün məktəblərdə çalışan pedaqoji kollektivin əksər hissəsini qadınlar təşkil edir. Qadın üçün ən gözəl hədiyyə güldür, çiçəkdir. Bunu nəzərə alaraq 5 Oktyabr müəllimlər günündə təhsilverənlərə ancaq gül hədiyyə olunmalıdır. Pul və ya hansısa başqa bir hədiyyə vermək doğru deyil. Bir-birinin bəhsinə valideynlərin müəllimə bahalı hədiyyələr, qızıl, zinyət alması yolverilməzdir. Sözsüz ki, hədiyyə alan onu verən tərəfə qarşı minnətli olur. Bu isə doğru deyil. Bundan istifadə edən bəzi valideynlər bahlı hədiyyələr, qızıl əşyaları alıb müəllimə hədiyyə edirlər. Bundan sonra isə müəllimdən uşaqlarına yüksək qiymətlər yazmağı istəyirlər. Hər şey qarşılıqlıdır prinsipini əsas tutaraq. Yaxşı olar ki, bayramlar ərəfəsində müəllimlər valideynlərdən güldən başqa heç hədiyyə götürməsinlər. Bununla da müəllimlər valideynlər qarşısında öz çəkilərini nümayiş etdirmiş olarlar. Ancaq bəzi müəllimlər buna məhəl qoymur. Nəticədə də bu problem həllini tapmır və hər il gündəm olur".

Ekspertin dediyinə görə, bu gün hər kəs anlamalıdır ki, vəzifəsini görən insana yalnız təşəkkür etmək lazımdır. Əlavə nələrsə vermək onu gözü yolda qoyar və ən əsası ədaləti pozar: "Burada həm valideynlər, həm də müəllimlər günahkardır. Hədiyyə də rüşvətin bir adıdır. Valideynlər hədiyyə almaqla müəllimə rüşvət vermiş olurlar. Müəllim də alınan hədiyyəni qəbul etməklə rüşvət götürmüş olur. Bu, bütün dünyada belədir. Bu baxımdan da hədiyyə məsələsinə səthi yanaşmaq olmaz".

Təhsil eksperti Elçin Süleymanovun dediyinə görə, bu gün müəllimlərə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Demək olar ki, hər il onların maaşı artırılır: "Dövlət müəllimlərə kifayət qədər diqqət göstərir, sertifikasiyadan keçənlərin əməkhaqqı artırılır. Ona görə də müəllimə Müəllimlər Günündə hədiyyə almaq yersizdir. Ən yaxşı, bəyənilən, qəbul olunacaq hədiyyə gül buketidir. Hədiyyəni qiymətlə ölçmək olmaz. Bu, düzgün yanaşma deyil".

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, müəllimlər günündə "müəllimlərin əməyini qiymətləndirmək" adı altında onlara hədiyyələr və yaxud pul verilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Həm hədiyyəni alan, həm də götürən tərəf hər zaman şiddətlə qınanılır: "Müəllimlər günündə şagird müəllimi dəyərləndirmək üçün müəllimlərə özünün hazırladığı əl işini və yaxud da açıqcanı hədiyyə verə bilər. Bu, artıq müəyyən bir qiymət təyin olunmaqla yığımdırsa, bu zaman  qanunvericilik tələbinin pozulması deməkdir və pul yığımını kim həyata keçirirsə, həmin şəxs haqqında ölçü götürülməlidir. Bəzi valideynlər müəllimlər günündə müəllimə hörmət etməyi - hədiyyə almaq, pul verməyi sanki özlərinə bir borc bilirlər. Bu, mütləq şəkildə olmalıdır. Niyə? Axı təhsil vermək, cəmiyyət üçün layiqli insan, vətəndaş yetişdirmək müəllimin vəzifəsidir. Əgər bir müəllim vəzifəsini canla-başla yerinə yetirirsə, bu o demək deyil ki, ona görə hədiyyə verilməlidir. Həm valideynlərin, həm də şagirdlərin müəllimə hörmətlə yanaşması, onun əməyinə verilən ən yüksək dəyərdir".

Təhsil eksperti Elmin Nuri bildirib ki, demək olar ki, hər il 5 oktyabr Müəllimlər Günü yaxınlaşanda əsas mövzu müəllimlərə hədiyyə alınıb-alınmaması olur. Nazirlik tərəfindən hər il xəbərdarlıq edilir ki, Müəllimlər Günündə müəllimlərə hədiyyə verilməsi qadağandır. Ancaq buna baxmayaraq, hər il bu məsələ ilə bağlı xoşagəlməz hallar yaşanır: "Fikrimcə, peşə bayramları münasibətilə müəllimlərə hədiyyə verilə bilər. Təbii ki, pul amilinə qətiyyən yol vermək olmaz. Yəni pul yığımları, hədiyyə əvəzinə fərdi şəxs tərəfindən müəyyən kartlar və s. kimi ekvivalentlər qətiyyən yolverilməz sayılmalı, təkrar da olsa deməliyik ki, rəmzi, simvolik hədiyyələrdən qətiyyən kənara çıxılmamalıdır. Bu prosesə valideynlərin müdaxiləsinə qəti şəkildə yol verilməməlidir. Çünki 5 oktyabr faktorunu əndazəsindən çıxaran, onun mənəvi dəyərini maddi tələb müstəvisinə endirən də məhz valideynlərin yersiz müdaxiləsi, özlərini lazımsız şəkildə özünütəsdiq istəkləri oldu: "Bu şərtlərə, qaydalara əməl edildiyi təqdirdə müəllimə hər hansı hədiyyənin verilməsində heç bir qəbahət görmürəm. Müəllimlər də öz növbəsində bu qaydanı özlərinə əsas götürməli və onun pozulmaması üçün əllərindən gələni etməlidirlər: Müəllimlər Gününün mənəvi dəyərini maddi tələb səviyyəsinə endirmək olmaz. Rəsmi dövlət qurumunun da 5 oktyabr Müəllimlər Günü ilə bağlı etdiyi xəbərdarlıq məhz bu incə xəttin keçilməməsinin vacibliyinə bir işarədir. Əks halda, istər ictimaiyyət tərəfindən, istərsə də digər şəxslər tərəfindən müəllimə veriləcək mənəvi rəmzi hədiyyə -gül, simvolik qələm, müəllimin adı yazılmış və ona təşəkkürü ifadə edən suvenir və s. qətiyyən narazılıq predmeti kimi dəyərləndirilə bilməz. Bəzi hallarda hər hansı məktəbdə hansısa müəllim sadaladığımız mənəvi amilləri deyil, məhz yüksək maddi tələbləri irəli sürürsə, bahalı hədiyyə və ya pul yığımı ilə bağlı özü şagird və valideynlərə müəyyən göstərişləri verirsə, bu faktoru biz 5 oktyabr Müəllimlər Gününə aid edə bilmərik. Çünki onu edən şəxsin özünü avtomatik şəkildə "müəllim" adlandırmaqdan çəkinməliyik".

Təhsil eksperti Kamran Əsədov deyir ki, illər öncə Müəllimlər Günündə şagirdlər tərəfindən müəllimlərə müxtəlif forma və rəngdə olan açıqcalar, gül dəstəsi, ya da öz əl işlərini hədiyyə edirdilər. Bu da müəllimlər üçün çox qiymətli bir hədiyyə sayılırdı. Müəllim böyük məmnuniyyətlə bu hədiyyəni qəbul edir və heç bir söz-söhbətdə yaranmırdı: "İndi əlamətdar günlər münasibətilə bağlı orta məktəbdə pul yığılması bitmir, hətta məktəb direktorunun ad günü, sinif rəhbərinin ad günü, yas mərasimi, xəstəxana xərcləri üçün də bəzi məktəblərdə pul yığılır. Elm və Təhsil Nazirliyi isə bu kimi hallara qarşı ancaq tövsiyə xarakterli, ümumi mövqe bildirir.  Qeyd edilir ki, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qanunvericiliyə ziddir və bu, yolverilməzdir. Ancaq bir nəticə olmur. Üstəlik, hər il bayramlar münasibəti ilə şagirdlərdən yığılan pulların məbləği artır və bu da bir çox ailələrin büdcəsinə ciddi şəkildə zərbə vurur. Bir yerdə oxuyan şagirdlərin hamısının maddi imkanı eyni deyil. Xoşagəlməz hal ondan ibarətdir ki, maddi imkanı az olduğuna görə bayramlarda pul verməyən şagirdlərə qarşı sinif rəhbəri, məktəb direktoru, direktor müavini çox pis davranır, ona qarşı sərt mövqe nümayiş etdirilir. Məktəblərdə valideyn komitələri adlı "qurumlar" uşaqların təhsil almasına diqqət etməkdənsə, sinifdəki şagirdlərdən hər hansı bayram şənliyinin təşkili, xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması və digər məqsədlər üçün pul yığımını təşkil edirlər. Məktəblərdə qeyri-rəsmi fəaliyyət göstərən müəllim-valideyn assosiasiyaları var ki, həmin "quruma" rəhbərlik bir və ya iki valideynə tapşırılır. Bu "rəhbər"lər müasir texnologiyadan istifadə etməklə votsap qrupları yaradır və həmin qruplarda pul yığımını həyata keçirirlər. Belə olan zaman müəllim özü birbaşa həmin prosesdə iştirak etmir. Nazirlik tərəfindən bu istiqamətdə tədbirlər həyata keçirilir. Amma yaxşı olardı ki, nazirlik tərəfindən anonim sorğular da qeydə alınsın. Əgər hansısa məktəbdə belə bir fakt varsa, o zaman müəllimin adını verməklə prosesi aydınlaşdırmaq olar".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
525.az

1Mənbələr