Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü əsas diqqət beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təmiz enerjiyə keçidin sürətləndirilməsinə, eləcə də ədalətli və hər kəsi əhatə edən yanaşmanın təmin olunmasına yönəldildi.
“İki sahil” xəbər verir ki, nazirlər, qlobal ekspertlər, şirkət rəhbərli və gənclər COP29 vədlərinin enerji, maliyyə və innovasiya sahələrində necə reallaşdırıldığını müzakirə etmək üçün bir araya gəliblər.
İqlim Fəaliyyəti Həftəsinin ikinci gününün açılışında COP29-un Prezidenti Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov və COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai çıxış edərək Azərbaycanın günəş, dənizdə külək, hidrogen və geotermal enerji üzrə strateji yol xəritəsi ətrafında dialoqa start veriblər. Panel iclaslarında beynəlxalq tərəfdaşlıqların investisiyaları sürətləndirmək və innovasiyaları genişləndirmək imkanları müzakirə olunub.
“SOCAR Green”, “Paşa Bank” və “Azərsun Holdinq” şirkətlərinin rəhbərləri dayanıqlılıq üzrə öhdəliklərin əməliyyatlar, idarəçilik və maliyyələşdirmə proseslərini necə transformasiya etdiyini ümumi şəkildə diqqətə çatdırıblar. Həmçinin “BP”, “OGCI” və “GHGSat” şirkətlərinin mütəxəssisləri metan qazının aşkarlanması və idarə olunması üzrə yeni yanaşma üsullarını təqdim ediblər. Ədalətli keçidə həsr olunmuş ayrıca sessiyada isə enerji keçidi prosesində işçilər və icmaların qorunması üzrə təcrübə mübadiləsi aparılıb.
Digər bir önəmli məqam isə Azərbaycan və dünyanın müxtəlif ölkələrindən gəncləri bir araya gətirən və gün ərzində davam edən Gənclərin İqlim Forumu olub. Rəqəmsal transformasiya, təmiz enerji, şəhərsalma və iqlim diplomatiyası mövzularında keçirilən panellər gənclərin COP29 irsini davam etdirməklə yanaşı, iqlim fəaliyyəti üzrə innovativ yanaşmaları necə formalaşdırdıqlarını da nümayiş etdirib.
Həmçinin “Boulevard Marriott” hoteli dayanıqlı moda üzrə dairəvi masaya, eləcə də azərbaycanlı və beynəlxalq dizaynerlər tərəfindən təkrar dövriyyə prinsiplərinə əsaslanan innovasiyaların və dayanıqlılıq tələblərinə cavab verən materialların təqdim olunduğu, o cümlədən “Giltex” və “Azəripək” şirkətlərinin dəstəyi ilə təşkil olunan moda nümayişinə ev sahibliyi edib. Sessiyada moda sektorunun COP30 kontekstində iqlim fəaliyyətinə verdiyi töhfələr də müzakirə olunub.
COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai: “Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü cəmiyyətin bütün təbəqələrinin eyni istiqamətdə fəaliyyətinin faydalarını nümayiş etdirdi. Beynəlxalq əməkdaşlıq şirkət, maliyyə, gənclər və vətəndaş cəmiyyətinin enerjisi ilə birləşəndə təmiz enerji keçidini irəli aparan əsas qüvvəyə çevrilir. COP29 irsi məhz bu geniş səfərbərlikdən asılıdır. Bakıda biz kollektiv liderliyin daha inklüziv və effektiv cavab formalaşdırdığını görürük”.
COP29-un gənclər üzrə iqlim çempionu Leyla Həsənova: “Bu gün gənclərin liderliyi Bakı İqlim Fəaliyyəti Həftəsinin əsas diqqət mərkəzindədir. Təmiz enerji həllərinin təşviqindən tutmuş beynəlxalq əməkdaşlığın formalaşdırılmasına qədər bütün sahələrdə gənclər göstərirlər ki, biz gələcəyi gözləmirik, onu özümüz yaradırıq. Biz hökumətlər, şirkətlər və vətəndaş cəmiyyəti ilə çiyin-çiyinə çalışmaqla sübut edirik ki, bu keçid yalnız inklüzivlik və hər bir nəslin iştirakı sayəsində uğurlu ola bilər”.
Ümumilikdə, tədbirin ikinci günü göstərdi ki, qlobal əməkdaşlıq, korporativ innovasiya və gənclərin liderliyi COP29-da əldə olunan uğurları real nəticələrə çevirir. Azərbaycan bu müzakirələrə ev sahibliyi etməklə göstərmək istəyir ki, qlobal öhdəliklər milli transformasiyaya təkan verə və həm ölkə, həm də tərəfdaşlar üçün təcrübə mübadiləsi, öyrənmə və birgə inkişaf platformasını təmin edə bilər.
* Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW) ikinci günü Azərbaycanın günəş, külək, hidrogen və geotermal enerji üzrə yol xəritəsi, həmçinin investisiya və innovasiyaları sürətləndirən beynəlxalq tərəfdaşlıqlar təqdim olundu.
* İri şirkət rəhbərləri, maliyyə qurumlarının təmsilçiləri və siyasətçilər COP29 öhdəliklərinin biznes fəaliyyətinə, metan qazının idarə olunmasına və icmalar üçün ədalətli keçidə təsirini nümayiş etdirdilər.
* Gənclərin təşəbbüsü ilə keçirilən İqlim Forumu və Dayanıqlı Moda Nümayişi yeni nəslin həll yolları formalaşdıraraq inklüziv iqlim fəaliyyətinə necə töhfə verdiyini ön plana çıxardı.