AZ

Oktyabrın 7-də Azərbaycan sərhədində savaş xəbərdarlığı?! - SENSASİON DETALLAR

Beynəlxalq səviyyədə xəbərdarlıqlara görə, İrana növbəti hücum an məsələsidir - Netanyahunun üç hədəfi

İsrailin oktyabrın 7-də, HƏMAS-ın hücumunun 2-ci ildönümündə İrana zərbə endirəcəyi haqda iddialar ciddiləşir. İsrailin İrana hücum tarixinin məhz oktyabrın 7-də, yəni 2023-cü ildə HƏMAS-ın İsrail ərazisinə qəfil hücumunun 2 ilinin tamam olduğu günə təyin olunması Tel-Əviv hökuməti tərəfindən HƏMAS-ın hücumuna diqqət çəkmək və bu zərbənin arxasında İranın dayandığını göstərmək üçün seçilə bilər.

Rusiya xarici işlər naziri Sergey Lavrov da BMT-dəki açıqlamasında İrana qarşı yeni hücum təhlükəsi ilə bağlı xəbərdarlıq edib. “İrana qarşı yeni zərbələr təhlükəsi davam edir. Bəzi mənbələrin verdiyi məlumata görə, zərbələr praktiki müstəvidə də müzakirə olunur. Bütün bunlar həm hərbi təhdidlər, həm də İranı iqtisadi cəhətdən boğmağa yönəlmiş tədbirlər kimi koordinasiyalı şəkildə həyata keçirilir”, - Lavrov deyib.

“İran İsrailin hücumuna qarşı hazırlıqlıdır”. Bunu isə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani jurnalistin İsrailin İrana hücum ehtimalı ilə bağlı sualına cavabında deyib. “Biz bütün vəziyyətlərə hazırıq, amma israillilərin ağılsız hərəkət edəcəyini düşünmürəm. Lakin İrana hücum etsələr, biz qətiyyətlə cavab verəcəyik”, - o bildirib.

İsrailin İrana hücumu ilə başlamış iyuldakı 12 günlük müharibədən sonra tezliklə növbəti qarşıdurmanın olması ilə bağlı proqnozlar yeni deyil. Rəsmi Tehran tərəfdən də bir neçə dəfə İsraillə növbəti müharibə barədə xəbərdarlıq olub. Hətta İranın ali dini lideri Ayətullah Əli Xamneyinin əhaliyə hazırlıq görməklə bağlı çağırışı müharibə ehtimalı ilə əlaqələndirənlər oldu. İran ali dini liderinin müşaviri, general Yəhya Rəhim Səfəvi İsrail və İran arasında növbəti müharibənin hər an başlaya biləcəyini deyib. Qərb mediasında gedən iddialara görə, İsrail növbəti müharibə üçün ABŞ-dən razılıq almağa çalışır. ABŞ Prezidenti isə hələlik - ən azı mediaya sızan məlumatlara görə - İsrailin İrana hücumuna razılıq vermir. Çünki yeni müharibə bir sıra risklər daşıyır. Növbəti İran-İsrail toqquşması daha uzunmüddətli və dağıdıcı ola bilər. Tramp isə uzunmüddətli müharibəyə razı deyil.

Digər tərəfdən, sonuncu toqquşma göstərdi ki, hərbi müdaxilə İranın içəridən parçalanmasına xidmət etmir, əksinə, daxili ictimai rəy hakimiyyət ətrafında daha çox birləşir. Nəhayət, Yaxın Şərqdə yeni bir genişmiqyaslı müharibə Trampın sülh quruculuğu çağırışları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də Trampın hələlik Netanyahunun müharibə istəyinə müsbət cavab vermədiyi iddia olunur. Lakin İsrail və İrandan verilən açıqlamalar, Lavrovun da xəbərdarlığı onu göstərir ki, hər iki ölkə ciddi şəkildə növbəti qarşıdurmaya hazırlaşır.

Bəs savaş xəbərdarlığını yerli ekspertlər necə qiymətləndirir? Azərbaycana hansı risklər yarana bilər?

Analitik Elxan Şahinoğluya görə, ABŞ və Avropa dövlətlərinin İrana sanksiyaları davam etdirməsi İsrailin cənub qonşumuza növbəti dəfə raket zərbələrini aktuallaşdıra bilər. Onun fikrincə, İsrail hökumətinin İranın nüvə çalışmalarını davam etdirdiyini bəhanə edərək bu ölkəyə yenidən zərbə vurması mümkündür: “Halbuki bu, problemin həlli deyil. Əksinə, İsrailin İrana hücumları bu ölkədə mühafizəkarların mövqeyini gücləndirir”.

Onun bildirdiyinə görə, İran parlamentinin 71 üzvü müdafiə doktrinasına ciddi dəyişiklikləri tələb edib: “Onlar nüvə silahının yaradılması imkanlarının nəzərdən keçirilməsini istəyiblər. Beləliklə, İranın mühafizəkar deputatları nüvə silahı əldə edilməsini lazım bilirlər. Halbuki İran rəsmiləri və din xadimləri əvvəllər deyirdilər ki, nüvə silahı İslama ziddir. Qərbdə əvvəl də bu deyilənlərə inanmırdılar. Pakistan İslam Respublikasıdır, ancaq nüvə silahı var. İslam Respublikası olan İran da nüvə silahının əldə edilməsi barədə planlar qurur”.

Ekspertin fikrincə, Qərbdə prezident Məsud Pezeşkianın “biz nüvə silahı əldə etmək istəmirik” çağırışlarına inanmırlar, çünki İranda bununla bağlı qərarı başqaları verir.

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz da bu qənaətdədir ki, II İran-İsrail savaşının tarixi aralığına daxil olmuşuq. Təhlilçi İranın hər an vurulmasını gözləyir: “27 sentyabr 2025-ci il tarixində gecə saatlarında İranın nüvə proqramı ilə bağlı Tehran və Qərb dövlətləri arasında danışıqların dalana dirənməsinin ardından son 10 ildə ilk dəfə BMT-nin İrana qarşı hərtərəfli sanksiyaları bərpa edilib. İranın nüvə proqramı ilə bağlı əməliyyatları qadağan edən sanksiyalar iki gün əvvəl Nyu-York vaxtı ilə saat 20:00-da avtomatik olaraq qüvvəyə minib. Qərb dövlətlərinin bu addımına İranın maliyyə bazarı da ilk reaksiyalarını verib. Məlumata görə, BMT sanksiyalarının bərpasından dərhal sonra İran rialı dollar qarşısında tarixinin ən aşağı səviyyəsinə enib. Qara bazarda 1 dollar 1.12 milyon riala satılıb. Maliyyə bazarının sanksiyaların bərpa olunmasına operativ reaksiyası ondan xəbər verir ki, iranlılar da yaxın günlərdə nə ilə üzləşəcəklərinin fərqindədir. Dərd burasındadır ki, İran təkcə iqtisadi sanksiyalara məruz qalmayacaq. Bu yay 12 günlük İsrail-İran savaşına silah çatışmazlığı səbəbindən ara verən Təl-Əvivin İrana hücumunun yenidən başlanması da istisna edilmir”.

Ekspert daha əvvəl bu ehtimalı irəli sürdüyünü, hətta tarix açıqladığını yada salıb: “28 sentyabr 2025-ci ildən 2026-cı ilin may ayına qədər demişdim. Zaman aralığının başlanğıc nöqtəsi tamam oldu. Netanyahu öz himayədarı Trampı İrana hücuma həvəsləndirməyə çalışacaq. Trampı İran məsələsində yola gətirmək üçün isə böyük təkana ehtiyac yoxdur. Əsas məsələ Avropa üçlüsünü yola gətirmək idi və onlar avqustun 28-də BMT-yə müraciət edərək razılıqlarını vermişdilər. Bundan sonraya isə sadəcə Trampın "beynəlxalq sifarişi" nəzərə alıb düyməyə basmağı qalır".

Siyasi şərhçinin fikrincə, İrana hücum planında üç məqsəd var: “İsrailin 12 günlük müharibədə qarşısına qoyduğu hədəfləri reallaşdıra, xüsusilə də İranın nüvə proqramını tamamilə sıradan çıxara bilməməsi; hazırda azlıq hökumətinə rəhbərlik edən Netanyahunun oktyabrın 27-nə qədər uğur hekayəsi yaradaraq öz legitimliyini bərpa arzusu; Oded Yinon planına əsasən, Yaxın Şərqin son qalası olan və Quma bağlı proksi qüvvələrinin baş qərargahı sayılan İranı tamamən sıradan çıxarıb "müqavimət oxu"nu qırmaq".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Seçilən
13
1
musavat.com

10Mənbələr