AZ

Tramp Harvard Universiteti ilə yarım milyard dollarlıq sazişə yaxındır

ABŞ administrasiyası ilə ali məktəblər arasında uzunmüddətli gərginlik fonunda yeni razılaşma gündəmdədir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının Harvard Universiteti ilə böyük məbləğdə maliyyə razılaşmasına yaxın olduğunu açıqlayıb. Onun sözlərinə görə, universitet təxminən 500 milyon dollar ödəməyi və peşə məktəblərinin idarəçiliyini öz üzərinə götürməyi qəbul edib.

Tramp bildirib ki, Harvard gələcəkdə süni intellekt sahəsi də daxil olmaqla müxtəlif istiqamətlərdə təhsil proqramlarını həyata keçirəcək və tələbələri yeni texnologiyalar üzrə hazırlayacaq: “Biz çox yaxınlaşmışıq. Onlar təxminən 500 milyon dollar ödəyəcəklər və peşə məktəblərini idarə edəcəklər. Süni intellekt, mühərriklər və daha çox sahələr üzrə insanları öyrədəcəklər”. Lakin razılaşmanın detalları hələlik açıqlanmır.

Xatırladaq ki, ABŞ administrasiyası ilə nüfuzlu universitetlər arasında gərginlik bir neçə aydır davam edir. Rəsmi Vaşinqton ali təhsil müəssisələrini federal maliyyələşmədən məhrum etməklə hədələyib. Mübahisənin əsas səbəbləri isə pro-fələstin etirazları, kampuslarda antisemitizm hallarının artması və universitetlərin çoxşaxəlilik siyasəti ilə bağlı fikir ayrılıqları olub.

Müşahidəçilər hesab edirlər ki, əldə olunacaq bu razılaşma Tramp administrasiyasının ali məktəblərə qarşı təzyiq siyasətində dönüş nöqtəsi ola bilər.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr