AZ

Bəzi Aİ ölkələri yeni üzvlərin qəbulunda səsvermənin dəyişdirilməsinə qarşı çıxır- ÖZƏL 

Fransa, Niderland və Yunanıstan Avropa İttifaqına yeni üzvlərin qəbulunda səsvermə prosedurunun dəyişdirilməsinə qarşı çıxıb. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, adıçəkilən ölkələr yeni qaydaların tətbiqinə qarşıdır, çünki dəyişikliklər baş verdikdən sonra onlar problemli hesab etdikləri müraciətlərin qarşısını ala bilməyəcəklər. Avropa İttifaqının anonim diplomatı bildirib ki, "oyun gedərkən qaydaların dəyişdirilməsi" bir çox dövlətlərə xoş gəlmir. Onun sözlərinə görə, "yeni mexanizm qəbul prosesini həddən artıq siyasiləşdirəcək". Diplomat əlavə edib ki, prosedur dəyişiklikləri yalnız bütün üzvlərin yekdil razılığı ilə təsdiqlənə bilər ki, bu da hazırda "demək olar ki, mümkün görünmür".
Diplomat həmçinin qeyd edib ki, "Bolqarıstan Makedoniyanı bloklamaq, Xorvatiya Serbiya üzərində nəzarəti saxlamaq, Yunanıstan və Kipr isə Türkiyənin Aİ-yə yaxınlaşmasının qarşısını almaq istəyir. Yunanıstan, eyni zamanda, Albaniya məsələsində də xüsusi nəzarətə can atır".
Finlandiya Prezidenti Aleksander Stubb isə fərqli mövqe ortaya qoyaraq bildirib ki, o, "qərar qəbulunda daha çox çeviklik və müraciətlərin bloklanması imkanlarının azaldılması" mexanizmini dəstəkləyir, xüsusən də Ukrayna məsələsində.
Avropa İttifaqı Şurasının sədri Antonio Koştanın təklifi ilə yeni səsvermə qaydalarının müzakirəsi 1 oktyabrda Kopenhagendə keçiriləcək qeyri-rəsmi sammitin gündəliyinə daxil edilib. Avropa rəsmilərinin sözlərinə görə, hələlik heç bir ölkə bu ideyaya qəti şəkildə "yox" deməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr