Azərbaycanın baş prokuroru Kamran Əliyev iş adamı Adnan Əhmədzadənin istintaq işi üzrə hər hansı bir əlavə məlumatın verilməsinin məqsədəmüvafiq olmadığını deyib.
MilliYol.az "Report"a istinadən xəbər verir ki, jurnalistlərlə söhbətində K.Əliyev bildirib ki, bu barədə istintaqı aparan orqan tərəfindən açıqlama verilib.
"Adnan Əhmədzadənin işi üzrə istintaqı aparan orqan tərəfindən açıqlama verilib. İstintaqın indiki mərhələsində hər hansı əlavə məlumat vermək istintaqın taktikası baxımından məqsədəmüvafiq deyil".
Qeyd edək ki, Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində şübhəli bilinir və barəsində məhkəmə tərəfindən dörd aylıq həbs qətimkan tədbiri seçilib.