AZ

“Mənə düşmən olanla niyə belə danışığa gedim?!” Çıxışına limitsiz vaxt ayrıldı

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev 12 milyonluq yeyinti ittihamından danışıb.

“Qafqazinfo”nun məlumatına görə, İ.Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinə “Kürdəxanı həbsxanası”nda yazdığı hazır çıxışla gəlib. Hakim Leyla Əsgərova Məmmədova ona sərbəst ifadə vermək üçün limitsiz vaxt ayırıb. 

Keçmiş bulvar rəhbəri özünə qarşı ittihamların heç birini qəbul etməyib.

O, sərbəst ifadəsində məhkəmə heyətinə müxtəlif epizodlarla bağlı izahat verib:

Hesablama Palatasından iradlar

“Palata öz aktında yazır ki, Bakı Bulvar İdarəsi “Azərsu” ASC-dən suvarma və istifadə üçün su almaq əvəzinə dəniz suyunu duzsuzlaşdıraraq istifadə edə bilərdi. Bununla da 800 min manat qənaət etmiş olardıq. Axı bu, absurddur”.

Attraksion və obyektlərdən yığılan pullar

“İstintaq belə qənaətə gəlib ki, kassirlər attraksion və obyektlərdən yığılan pulları konkret işçilərə veriblər və həmin pullar da mənimsənilib. Amma bu epizod üzrə mənim əleyhimə ifadə verən şahid yoxdur. Hansı günahıma görə mənimlə belə davranırlar?”

Dondurma köşklərinin sahibi İlqar İsmayılova nə qədər pul verib?

“Başqa bir epizodda yazılıb ki, “Maraşpark” dondurma köşklərinin sahibi İsrafil Bascıl Bulvar idarəsinə 4 ildə 736 min 500 manat pul ödəyib. Müstəntiq də onun əl yazısı ilə yazılmış sənədi sübut kimi götürüb. 4 il ərzində təkcə icarə haqqı olaraq 736 500 manat verən bir sahibkarın bu müddət ərzində gəliri 3-4 milyon manat, dövriyyəsi ilə 10 milyon manata yaxın olmalıdır. Bunu ki, müəyyən etmək çətin deyil”.

Popkorn köşkləri ilə bağlı 300 minlik mənimsəmə

“Bu epizod üzrə 380 min 313 manat mənimsəmədə ittiham olunuram. Sübut kimi isə sahibkar Tohid Abbasovun ifadəsi əsas götürülüb. Tohid deyib ki, guya mən 2016-cı ildə rəis gələn kimi onu bulvardan kənarlaşdırmışam. 6 ay sonra isə mənimlə görüşüb. Guya ona demişəm ki, “sən get VÖEN-lə işlə, mən sənə maaş verəcəyəm, əvəzində də bütün gəlirləri səndən alacağam”. Əgər belə niyyətim varsa, nə üçün tanımadığım, hətta bulvardan qovduğum üçün mənə düşmən olan biri ilə belə danışığa gedim?! Hə, bir də Tohid Abbasov və digərləri sahibkar kimi gəlir götürməsəydilər, köşklərin sayını hər il artırmazdılar”.

Gül və kol bitkiləri ilə bağlı ittiham 

“Bu epizodda yazılıb ki, mən Bulvar İdarəsinin istixanası ola-ola “Girasol” MMC-dən 175 672 manat dəyərində gül almaq adı ilə pulları mənimsəmişəm. Bu da çox absurd ittihamdır. Əvvəla, Bulvar İdarəsində istixananı 2020-ci ildə mən yaratmışam ki, kənardan gül alışını nisbətən azaldaq. Gül alışından pul mənimsəmək istəsəydim, niyə istixana yaradırdım?!”

İlqar Mustafayev mənimsəmə epizodlarından əlavə, vergidən yayınma ittihamını da qəbul etməyib. 

Məhkəmə oktyabrın 20-si qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov və “Girasol” MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur. Sonuncu ikisi azadlıqdadır. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunub. Verilmiş ittihamlar sübuta yetirilsə, müttəhimləri 10 ildən çox həbs cəzası gözləyir.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
12
qafqazinfo.az

10Mənbələr