AZ

III MDB Oyunları

Stend atıcılarımız - 1 gümüş, 2 bürünc

Azərbaycanın stend atıcıları III MDB Oyunlarında dünən 3 medal qazanıblar.

Son olaraq səngər stendi üzrə qarışıq komanda yarışlarında Mürtəza Novruzlu ilə Nərmin Cəfərova dueti fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Daha əvvəl kişilər arasında dairəvi stend yarışında Cavid Həsənov gümüş, qadınların yarışında isə Daniella Ulanova üçüncü yeri tutub.

Qeyd edək ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.

Çövkən yığmamızın 2 qələbəsi

Azərbaycanın çövkən yığması III MDB Oyunlarında 2-ci qələbəsini qazanıb.

Şəki şəhər stadionunda baş tutan yarışda A qrupunda yer alan milli komanda Küveyt yığması ilə üz-üzə gəlib. Görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb – 5:0. Yığmamız qrupdakı ilk oyunda da Qırğızıstan üzərində 4:0 hesabı ilə qələbə qazanmışdı.

Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Taekvondo medallarımız 22-yə çatdı

Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan III MDB Oyunlarının taekvondo yarışlarında Azərbaycanın 11 təmsilçisi fəxri kürsüyə yüksəlib.

İdmançılarımızdan Vasif Səlimov (68 kiloqram) qızıl, Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kiloqram), Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi 49 kiloqram), Zemfira Aslanova, Nərmin Ənsəri (hər iki 67 kiloqram), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kiloqram), Rza Əsədli (80 kiloqram) və Xan Məmmədzadə (87 kiloqram) bürünc medal qazanıblar.

Yarışların ilk günündə isə taekvondoçularımız 3 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər.

Beləliklə, Azərbaycanın taekvondo komandası III MDB Oyunlarını 22 medalla başa vurub.

Boksçularımızın uğurlu startı

Dünən III MDB Oyunlarında boks yarışlarına start verilib. Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə boksçumuz Aysel Fərəcova (46 kq) 1/4 final çərçivəsində Aleksandra Kutsikova (Belarus) ilə üz-üzə gəlib.

O, rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:26) hesabı ilə qalib gəlib. Fərəcova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Aysel növbəti görüşünü oktyabrın 2-də özbəkistanlı Ruxşonabonu Ahadovaya qarşı keçirəcək.

Digər zərif təmsilçimiz Cəmilə Muradlı (54 kq) da adını yarımfinala yazdırıb. Boksçumuz startda Niqora Yusupovaya (Tacikistan) ilk raundda tam üstünlüklə qalib gəlib. Özü üçün azı bürünc medalı təmin edən Muradlı finala gedən yolda qazaxıstanlı Adelayda Sadvakassova ilə döyüşəcək. Görüş oktyabrın 2-də baş tutacaq.

63 kiloqramda Haqverdi Həsənov isə 1/4 finalda Bahdan Şaşlikovdan (Belarus) güclü olub. O, rəqibini 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən boksçumuz növbəti mərhələdə rusiyalı David Karababayevlə münasibətlərə aydınlıq gətirəcək. Görüş oktyabrın 3-də olacaq.

Qeyd edək ki, MDB Oyunlarında boks yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

Üzgüçülükdə 1 qızıl, 4 bürünc

Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir. Azərbaycan üzgüçüsü Oqtay Hüseynov 400 metr məsafəyə qarışıq üzmə yarışında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

Rusiyalı İlya Yamşanov ikinci, Belarusdan olan Maksim Malışka üçüncü yeri tutub.

4×200 metr məsafəyə sərbəst üsulla üzməkdə Azərbaycan idmançıları Oqtay Hüseynov, Yeqor Maynitskiy, Fərhad Şirməmmədli və Süleyman İsmayılzadə bürünc mükafat qazanıblar.

Rusiya üzgüçüləri qızıl, qazaxıstanlılar isə gümüş medala sahib çıxıblar.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
8
1
xalqqazeti.az

2Mənbələr