AZ

Qarabağ Zəfərinə layiq komanda “Qarabağ”

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

“Köhlən atlar” daha bir tarix yazmaq əzmindədir

Tam əminliklə yaza bilərik: bu gün saat 20:45-də Azərbaycanın “Qarabağ” komandası UEFA Çempionlar Liqası turnirinin əsas mərhələsinin 2-ci turunda Danimarkanın “Kopenhagen” klubu ilə “münasibətləri aydınlaşdırmaq” üçün meydana çıxan kimi azarkeşlər Ağdam kollektivini ayaq üstə alqışlarla qarşılayacaqlar.

Hamımız 16 sentyabr gecəsində Avropa futbolunun nəhənglərindən biri Lissabonun “Benfika” klubu üzərində çoxlarının qibtə etdiyi tarixi qələbədən (3:2) o qədər ürəklənmiş, o qədər zövq almışıq ki, başqa cür düşünmək olmur. Həmin gecə azarkeşlərin ölkə çempionumuza dərin minnətdarlıq hissi ilə izlədiyi oyunda həyata rəsmən 1911-ci ildə vəsiqə almış Azərbaycan futbolunun 114 illik tarixinə parlaq bir səhifə yazıldı. “Qarabağ”ın Avropa klub futbolunun ən nüfuzlu turnirinin əsas mərhələsində ilk qələbəsi əsl qəhrəmanlıq nümunəsi idi. Özü də bu nümunə Vətəndən uzaqlarda, zəngin futbol ənənələri ilə haqlı olaraq öyünə biləcək ölkədə iddialı rəqibə qarşı ağır mübarizədə göstərilmişdi.

Lissabon sınağından sonrakı iki gündə digər oyunlar da keçirildikdən sonra 36 klubun nəticələrini əks etdirən və hələ də fəxrlə baxdığımız turnir cədvəlində Azərbaycan təmsilçisini yüzfaizli nəticə ilə liderlər sırasında görmək bizim üçün olduqca xoşdur. Üstəlik də təsnifat mərhələlərindən bu anadək səfər oyunlarında ardıcıl 4 qələbə qazanmış yeganə komanda məhz “Qarabağ”dır. Dublində “Şelburn” (İrlandiya), Skopyedə “Şkendiya” (Şimali Makedoniya) və Budapeştdə “Ferentsvaroş”dan (Macarıstan) sonra Lissabonda “Benfika” da komandamızla görüşdən məğlub ayrılmışdır. Bu qələbələr doğma sahillərdən uzaqlarda əvvəldən axıradək soyuqqanlı və cəsarətli mübarizəyə görə layiqli mükafatdır.

Ən başlıcası isə Lissabonda meydana çıxan bütün futbolçularımızın möhkəm iradəsinin və əzmkar mübarizəsinin şahidi olduq. “Benfika” kimi komandanın stadionunda 0:2 hesabı ilə uduzulmaqda olan oyunun gedişində heç nə olmayıbmış kimi ciddi dönüş yaradıb, bir-birindən gözəl 3 qol vurmaq mükəmməl hazırlığın nəticəsidir. Məhz bundan sonra “Qarabağ” təkcə Avropa deyil, dünya futbolunun da gözündə bir qədər də böyüdü. Eləcə də UEFA-nın. Təsadüfi deyil ki, Avropanın ali futbol təşkilatı öz rəsmi saytında daim axtarışda olan və məqsədinə çatmağı bacaran baş məşqçimiz Qurban Qurbanovun və onun futbolçularının ünvanına çox səmimi sözlər yazıb, “Benfika” ilə görüşün ən yaxşı oyunçusu seçilmiş yarımmüdafiəçi Pedro Bikaylonu isə əsas mərhələdə start turunun rəmzi komandası heyətinə daxil edib.

Bu o deməkdir ki, indi heç kim tarixində ikinci dəfə qitənin ən böyük klublarının rəqabət meydanına vəsiqə qazanmış Azərbaycan çempionuna yuxarıdan aşağı baxmır, hamı onun oyunçularının ustalığını və imkanlarını lazımınca qiymətləndirir.

Belə bir xoş mühitdə isə liderlər qrupunda mövqeyi qorumaq və möhkəmləndirmək əzmi istər-istəməz güclənir. Bu gün liqa mərhələsində ikinci oyunumuzda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcəyik. Futbol ictimaiyyətimizə tanış rəqibdir. Səkkiz il əvvəl, 2017-ci ilin avqust ayında Çempionlar Liqası turnirinin təsnifat mərhələsində “Qarabağ” bu komandaya Bakıda qalib gəlmiş (1:0), Kopenhagendə isə uduzmuşdu (1:2). İki görüşün ümumi yekunu 2:2 olmuşdu.

İndi isə Danimarka təmsilçisi Azərbaycana öz meydanında Almaniyanın “Bayer” (Leverkuzen) klubu ilə görüşdən sonra gəlib. Həmvətənimiz Əliyar Ağayevin idarə etdiyi oyunda, bildiyiniz kimi, “Kopenhagen”in gücü yalnız heç-heçəyə çatıb (2:2).

Qarşıdakı görüşdə qələbə həm də açılış mərasimi 1951-ci il sentyabrın 16-na təsadüf etmiş və 1993-cü ildən unudulmaz hakimimiz Tofiq Bəhramovun adını daşıyan stadionun 74-cü payızına yaxşı töhfə olar. Çempionlar Liqası turnirinin əsas mərhələsində böyük həyəcanla Bakıda ilk qələbəsini gözlədiyimiz “Qarabağ” bu axşam meydana çıxacaq. Ağdam komandası özünə, azarkeşlərinə, Azərbaycan xalqına, yaxında və uzaqlardakı bütün pərəstişkarlarına daha bir tarixi hadisənin sevincini yaşatmaq əzmindədir. Paytaxtımızda da ən böyük qələbələrin hesabını açmaq vaxtı çatıb...

Oqtay BAYRAMOV,Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr