Apnoe, yuxusuzluq, gecə tərləməsi — məlum olur ki, bütün bu hallar qalxanabənzər vəzin fəaliyyətindəki pozğunluqlarla bağlı ola bilər.
E-saglam.az MEDSI Kliniko-diaqnostika mərkəzinin Somnologiya Mərkəzinin rəhbəri, yüksək kateqoriyalı funksional diaqnostika həkimi Tatyana Surnenkova “Mednovosti”yə açıqlamasında hipotiroidizm və hipertiroidizmin insanlarda hansı problemlərə yol aça biləcəyini izah edib.
Qalxanabənzər vəzin əsas pozğunluqları:
Qalxanabənzər vəz yuxunun keyfiyyətində mühüm rol oynayır. Əsasən iki problem müşahidə olunur:
Hipotiroidizm – qalxanabənzər vəzin kifayət qədər hormon ifraz etməməsi.
Hipertiroidizm – vəzin normadan artıq hormon istehsal etməsi.
Bu pozğunluqlar bədənin maddələr mübadiləsinə, sinir sistemi fəaliyyətinə və nəticə etibarilə yuxuya təsir göstərir.
Hipotiroidizmin əlamətləri:
Soyuğa həssaslıq
Qəbizlik
Quru dəri və kövrək dırnaqlar
Saç tökülməsi
Əsaslandırılmayan çəki artımı
Yüksək xolesterin
İradəsizlik, əsəbilik
Cinsi funksiyalarda pozğunluq
Yavaş nəbz
Qeyri-müntəzəm menstrual qanaxmalar
Hipertiroidizmin əlamətləri:
İstiyə dözümsüzlük
Çoxlu tərləmə
Artan iştaha və arıqlama
Əhval dəyişkənliyi, narahatlıq, panik atak
Taxikardiya, ürək döyüntüləri
Əllərdə titrəmə, əzələ zəifliyi
İshal
Saç tökülməsi
Yuxusuzluq və xroniki yorğunluq
Gözlərdə şişkinlik və çıxıntı
Yuxuya təsirləri 1. Obstruktiv yuxu apnoesi
Hipotiroidizmli şəxslərdə daha çox rast gəlinir. Bunun səbəbi:
tənəffüs əzələlərinin zəifləməsi,
dilin böyüməsi (makroqlossiya),
piylənmə riskinin artması.
Apnoe gecə nəfəsin dayanması ilə xarakterizə olunur və gündüz həddindən artıq yuxululuq, yorğunluq yaradır.
2. Yuxusuzluq
Hipotiroidizm və apnoesi olan şəxslər tez-tez yuxudan oyanma, gec yatma və yüngül, dincəldici olmayan yuxudan şikayət edirlər. Bu, xroniki yuxusuzluğa səbəb ola bilər.
3. Gecə tərləməsi
Xüsusilə hipertiroidizm zamanı orqanizmin temperatur tənzimlənməsi çətinləşir, bu isə gecə tərləmələrinə səbəb olur və yuxunu pozur. Menopauza dövründə qadınlarda bu problem daha da güclənə bilər.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az