Əməkdar artist Cabir İmanov dünyasını dəyişib. Məlumata görə, aktyor bu gün Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında məşq zamanı özünü pis hiss edib və qəfil infarkt keçirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib. 49 yaşlı sənətçinin həkiməqədər ölüm faktı qeydə alınıb.
TƏBİB-in açıqlamasında bildirilib ki, bu gün saat 13:38-də Cabir İmanovun səhhətinin pisləşməsi ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub. Briqada hadisə yerinə cəlb olunsa da, saat 13:50-də aktyorun artıq dünyasını dəyişdiyi təsdiqlənib.
Son illər ürək-damar xəstəliklərindən qəfil ölümlərin, xüsusilə də 40 yaşdan yuxarı şəxslərdə infarkt və insult hallarının artması həkimləri ciddi narahat edir. İdman zallarında baş verən qəfil ürək tutmaları təkcə xəstə insanlarda deyil, sağlam həyat tərzi sürənlərdə və hətta peşəkar idmançılarda da müşahidə olunur.
Kardioloq, professor İdris Xəlilov News365.az-a açıqlamasında bildirib ki, hər kəs, xüsusilə də 35 yaşdan yuxarı insanlar mütəmadi olaraq kardioloji müayinələrdən keçməlidirlər:
“İdmanla məşğul olmaq istəyən şəxslərin ürək müayinəsini laqeyd yanaşmadan etməsi vacibdir. Əgər məşq zamanı hər hansı bir narahatlıq hiss olunarsa, dərhal hərəkəti dayandırmaq və təcili tibbi yardıma müraciət etmək lazımdır. Çünki qəfil ölüm hallarının əsas səbəblərindən biri ürəyin işemik xəstəliyidir”.