AZ

Yaşıllıqla zəngin ərazilərdə yaşayanlarda insult riski daha aşağıdır

Alimlər insanların yaşadıqları məhəllələrin yaşıllıq dərəcəsi ilə insult riski arasındakı əlaqəni araşdırıblar. Yeni məlumatlar Amerika İnsult Araşdırmaları Assosiasiyasının virtual konfransında təqdim olunub.

E-saglam.az xəbər verir ki, araşdırmanın press-relizi Amerika Kardiologiya Assosiasiyasının saytında dərc edilib.

Təxminən 250 min ABŞ sakininin – "Medicare" tibbi sığortasından istifadə edən yaşlı insanların sağlamlıq göstəriciləri təhlil edilib. Alimlər onların sağlamlığı ilə yanaşı, yaşadıqları ərazilərin nə qədər yaşıllıqla (ağaclar, ot örtüyü) zəngin olduğunu peyk məlumatları əsasında müqayisə ediblər.

Hesablama zamanı insult riskini artıran digər amillər də nəzərə alınıb: cins, yaş, gəlir səviyyəsi, şəkərli diabet, hipertoniyanın olması və s.

Nəticədə məlum olub ki, daha az yaşıllığı olan ərazilərlə müqayisədə:

ən yaşıllıq zəngin ərazilərdə yaşayanlarda işemik insult riski 26% aşağıdır;

keçici işemik tutma (mikroinsult) riski isə 20% azdır.

Eyni zamanda, yaşadığı ərazinin yaşıllıq dərəcəsi ilə hemorragik insult (beyin qanaxması) riski arasında əlaqə aşkarlanmayıb.

Miyami Universitetindən Uilyam Eyitkenin (William Aitken) sözlərinə görə, yaşıllığın insult riskinə təsiri şəkərli diabetin təsiri ilə müqayisə oluna bilər. Daha əvvəlki araşdırmalarda da göstərilmişdi ki, yaşıllıqla zəngin ərazilərdə yaşamaq miokard infarktı riskini azaldır.

Alabama Universitetindən doktor Elizabet Cekson (Elizabeth Jackson) bildirib:“Yaşıl məkanlarda insanları gəzişərkən və idman edərkən görmək təbiidir. Ancaq belə yerlərə çıxışın olmaması insanlara fiziki aktivliyi qorumaqda çətinlik yaradır ki, bu da insultun qarşısının alınmasında olduqca vacibdir”.

Ekspertlər hesab edirlər ki, yaşıl məhəllələrdə yaşayan insanları sağlam həyat tərzi aparmağa inandırmaq daha asandır. Şəhərlərdə yaşıllıq zonalarının artırılması ictimai sağlamlığa əhəmiyyətli müsbət təsir göstərə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
9
e-saglam.az

1Mənbələr