AZ

Azərbaycan son 5 ildə tranzit daşımalarının həcmini 5 dəfə artırıb

2024-cü ildə Azərbaycanda tranzit daşımalarının həcmi 2019-cu illə müqayisədə təxminən beş dəfə artıb.

Herbiand.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.

Onun sözlərinə görə, son iki onillikdə Azərbaycandan keçən beynəlxalq dəhlizlər boyunca nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə əhəmiyyətli islahatlar keçirilib və investisiyalar yönəldilib: "Bu da Azərbaycanın tədricən qlobal tranzit mərkəzinə çevrilməsi praktikada öz əksini tapıb. Keçən il Azərbaycan ərazisindən keçən tranzit daşımalarının ümumi həcmi təxminən 15 milyon tona çatıb və bu da 2019-cu il illə müqayisədə 5 dəfə çoxdur. Lakin son onillikdə qlobal dəyişikliklərdə əsaslı pozulmaları da müşahidə etdik, bu da ənənəvi nəqliyyat əlaqələrinin zəifliyini nümayiş etdirdi və şaxələndirmənin əhəmiyyətini ortaya qoydu. Beləliklə, bu gün Azərbaycan yeni bir impuls qazanıb, təkcə iqtisadi maraqları deyil, həm də regionda sülh və rifahı təmin edən strateji arteriyalara çevrilərək, yeni inkişaf istiqamətləri açır".

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan nəqliyyat dəhlizlərini daha da inkişaf etdirmək üçün fəal şəkildə genişspektrli təşəbbüslər reallaşdırır: "Bundan başqa, o avtomobil və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, xətlərin elektrifikasiyası yolu ilə təmiz, enerji səmərəli dəmir yollarının təşviqi, bərpa olunan enerji mənbələrinin quraşdırılması, emissiya və enerji sərfiyyatını azaltmaq üçün stansiyalarda enerji səmərəli texnologiyaların tətbiqi, gömrük və sərhəd obyektlərinin modernləşdirilməsini həyata keçirir. Biz səmərəli və dayanıqlı nəqliyyat dəhlizlərinin inkişafının təkbaşına həyata keçirilə bilməyəcəyini aydın başa düşürük. Bu, bütün regional oyunçuların əməkdaşlığını tələb edir. Biz fəal şəkildə tərəfdaş ölkələrlə nəqliyyat dəhlizləri boyunca səylərimizi davam etdiririk ki, dəhlizin əsas çətinliklərinin öhdəsindən gələk və nəqliyyat vasitələrinin hərəkətində səmərəliliyi və dayanıqlılığı artıraq".

F.Əliyev vurğulayıb ki, bu istiqamətdə əsas hədəflər ticarətin asanlaşdırılması, vahid, proqnozlaşdırıla bilən qaydaların və tariflərin tətbiqi, tranzit prosedurlarının harmonizasiyası və unifikasiyasıdır: "Buraya həmçinin nəqliyyat şirkətlərinin və dəmir yolu idarələrinin əməliyyat fəaliyyətlərinin sinxronlaşdırılması, "bir pəncərə" prinsipinin tətbiqi, sərhəd orqanları arasında inteqrasiya, hətta qonşular arasında birgə sərhəd keçid məntəqələrinin tikintisi daxildir".

Seçilən
26
herbiand.az

1Mənbələr