AZ

“Təmiz kərə yağının maya dəyəri 30 manatdan çoxdur” Ekspert bahalığın əsas səbəblərini açıqladı

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycanda kərə yağı bahalaşmaqda davam edir. Belə ki, son bir ildə xaricdən idxal edilən kərə yağında ortalama 3 manatdan çox bahalaşma var. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarının təhlili göstərir ki, son bir ildə ölkəyə gətirilən kərə yağının dəyərində yüksəlmə, həcmində isə azalma var.

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana 124 milyon 127 min ABŞ dolları dəyərində 18 min 127 ton kərə yağı idxal edilib. Kərə yağı idxalı əvvəlki illə müqayisədə dəyər baxımından 20 faiz artıb, həcm baxımından isə 5.3 faiz azalıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 103 milyon 312 min ABŞ dolları dəyərində 19.2 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar gətirilib.

Hesabat dövründə Azərbaycana idxal olunan kərə yağının kiloqramının orta qiyməti illik müqayisədə 26 faiz artaraq 11.60 manat təşkil edib. Halbuki, hazırda Bakının marketlərində nisbətən keyfiyyətli xarici kərə yağı ortalama 24-25 manata təklif edilir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə isə son bir ildə heyvandarlıq sahəsində 1.1, ayrıca süd istehsalında 0.3 faiz artım olsa da, bunu kərə yağı istehsalı ilə bağlı demək mümkün deyil. Rəsmi statistikaya görə, bu ilin səkkiz ayında ölkədə 17 min 886.4 ton kərə yağı istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7.8 faiz azdır.

İqtisadçılar hesab edir ki, ölkədə kərə yağının bahalaşması həm xarici, həm də daxili amillərdən asılıdır. Onların fikrincə, bir tərəfdən, ölkəyə idxal edilən yağın qiymətində bahalaşma var. Digər tərəfdən, bir sıra daxili amillər, o cümlədən südün keyfiyyəti yağ istehsalının artımına imkan vermir.

Kənd təsərrüfatı sahəsi üzrə tanınmış ekspert Vahid Məhərrəmli “AzPolitika”-ya şərhində bildirib ki, Azərbaycan özünün kərə yağına olan tələbatını daxili istehsal hesabına ödəyə bilmir. Onun sözlərinə görə, illik tələbat təxminən 70 min ton təşkil edir. V.Məhərrəmli deyir ki, bu rəqəm hökumətin müəyyən etdiyi minimum istehlak səbətinə uyğundur: “Yəni, adambaşına ildə 7–7,5 kiloqram kərə yağı nəzərdə tutulur. Bu hesabla Azərbaycan hər il ən azı 70–75 min ton kərə yağı istehsal etməlidir”.

Mütəxəssis real vəziyyətin fərqli olduğunu qeyd edir:“Rəsmi statistikada istehsal rəqəmləri göstərilsə də, onların əksəriyyəti xaricdən gətirilən xammal hesabına formalaşır. Yəni faktiki olaraq Azərbaycan tam mənada kərə yağı istehsal edə bilmir. Bunun əsas səbəbi isə xammal, yəni südün baha olmasıdır.

Bir kiloqram kərə yağı əldə etmək üçün təxminən 24–25 litr süd tələb olunur. Hazırda Azərbaycanda südün topdansatış qiyməti bir manat civarındadır. Bu halda, daxildə istehsal edilən kərə yağının maya dəyəri 30 manatdan yuxarı olacaq. Belə bahalı məhsulu alıcılar seçmir, üstəlik, keyfiyyətlə bağlı da müəyyən şübhələr mövcuddur”.

V.Məhərrəmli hesab edir ki, kərə yağının qiymətinin artmasının əsas səbəblərindən biri də idxal qiymətlərindəki yüksəlişdir. Onun sözlərinə görə, son iki ildə dünya üzrə heyvandarlıq məhsullarının - ətin, südün və kərə yağının bahalaşması müşahidə olunur: “Bunun səbəblərindən biri qlobal istiləşmədir. İqlim dəyişikliyi nəticəsində örüş sahələri daralır, yem istehsalı azalır, məhsuldarlıq düşür və heyvanların sayı kəskin şəkildə azalır. ABŞ, Braziliya, Rusiya, Hindistan kimi ölkələrdə, həmçinin Avropa İttifaqına daxil olan dövlətlərdə bu proses açıq görünür.

Digər tərəfdən, Azərbaycanın əsas kərə yağı idxal etdiyi ölkələr - Yeni Zelandiya, Avstraliya, Fransa, Almaniya və Niderland da eyni problemlərlə üzləşiblər. Bu da dünya bazarında qiymətlərin qalxmasına səbəb olur”.

V.Məhərrəmli bildirir ki, üstəlik, Avropa ölkələrində yeni vergilər tətbiq edilib: “Çünki istilik effekti yaradan qazların təxminən 15 faizi kənd təsərrüfatı heyvanlarının payına düşür. Xüsusən də gövşəyən heyvanların atmosferə buraxdığı metan qazı bu baxımdan əsas problem sayılır. Ona görə də bəzi ölkələrdə saxlanılan hər bir heyvana görə əlavə vergi tətbiq olunur. Bu isə fermerləri heyvan sayını azaltmağa məcbur edir. Nəticədə istehsal azalır, qiymətlər yüksəlir”.

Mütəxəssis hesab edir ki, Azərbaycan üçün çıxış yolu intensiv heyvandarlığa keçməkdir: “Məsələn, İsraildə bir inəkdən ildə 13 ton süd əldə olunur. Azərbaycanda isə bu göstərici orta hesabla 1,7 ton təşkil edir. Yəni İsrail inəkləri bizim inəklərdən 8–9 dəfə çox süd verir. Əgər biz keyfiyyətli yem istehsalını artırsaq, məhsuldarlığı yüksəltsək, intensiv heyvandarlığa keçsək, daxili istehsal real olar və kərə yağı daha əlçatan qiymətə bazara çıxarıla bilər”.

Vahid Məhərəmmli vurğulayır ki, əks halda, Azərbaycan yaxın gələcəkdə tamamilə xarici asılılıqda qalacaq.

“İdxal olunan ətin, südün, kərə yağının və pendirin həcmi daha da artacaq. Bu səbəbdən hökumət strateji olaraq heyvandarlığı inkişaf etdirməli, məhsuldarlığı artırmalı və daxili bazarı qorumağa çalışmalıdır”, - ekspert qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
azpolitika.info

1Mənbələr