Bakı, 1 oktyabr, AZƏRTAC
“Şərq-Qərb” nəşriyyatı Bakı Beynəlxalq Kitab Sərgisində hər il iştirak edir. Bu il nəşriyyatımız uşaqlar üçün yeni bir layihəyə başlayıb. Layihə çərçivəsində 15 adda həm yerli, həm də dünya nağıllarının kitabları nəfis tərtibatda və orijinal rəsm əsərləri ilə oxuculara təqdim olunub.
Bunu AZƏRTAC-a müsahibəsində “Şərq-Qərb” nəşriyyatının baş redaktoru filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı deyib. O bildirib ki, təqdim olunan nağıllar təkcə görünüşü ilə deyil, həm də məzmunu ilə uşaqlara ideoloji dəyərlər aşılamaq baxımından əhəmiyyətli olacaq və oxucuların yaddaşında qalacaq.
“Ümumilikdə sərgi çərçivəsində 15-ə yaxın təqdimatımız nəzərdə tutulur. Hər biri Azərbaycan dövlətçiliyi, mədəniyyəti və tarixi üçün mühüm əhəmiyyət daşıyır”, – deyə N.Cabbarlı vurğulayıb.
Baş redaktor əlavə edib ki, hər il kitaba və mütaliəyə marağın daha da artması, gənclərin daha çox kitablarla maraqlanaraq onları əldə etmək istəyi müşahidə olunur və bu, sevindirici haldır.