AZ

“Məlhəm” Hospitalda körpə həkimin qurbanı olub

“Məlhəm” Hospitalın həkiminin səhlənkarlığı səbəbindən yeni doğulan körpənin beynində ciddi problemlər, sinir zədələnməsi yaranıb.

Bu problemi gənc yazıçı Ulucay Akif ictimailəşdirib. O bildirib ki, təxminən on gün öncə “Məlhəm” hospitalında bacısı Gülənay Məmmədovanın ilk övladı dünyaya gəlib və həkim səhlənkarlığından uşaq problemli doğulub:

“Körpənin beynində ciddi problemlər, sinir zədələnməsi var. Kompyuter tomoqrafiyasının nəticələrinə görə onun həyatda qalması qeyri-mümkündür. Bunu həm “Məlhəm” xəstəxanasının həkimləri özləri deyir, həm də digər xəstəxanaların həkimləri.

Müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Yenə də Allahdan ümid kəsilməz deyib gözləyirik. Xəstəxana isə israrla bizə bu zülmü yaşadır.

Üstəlik, doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədi ilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir. Buna aid mesajlar da yazıb bacıma və prokurorluğa ərizəmizə o mesajları da əlavə etmişik.

Məsələ odur ki, 8 aylıq hamiləlik dönəmində müainələr zamanı (elə “Məlhəm” hospitalında) bacıma bu cür problemlərin olduğu deyilməyib, heç vaxt göbək ciyəsində düyün olması bildirilməmiş, ciyənin iki dəfə uşağın boynuna dolanması halı isə hələ doğuşda uzun müddət əvvəl daha dəqiq desək 03.09.2025-ci il tarixində hamiləliyin Ultrasəs rutin müayinəsi nəticəsində məlum idi. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə həkim bununla bağlı ərizəçini məlumatlandırmalı və ona mümkün riskləri izah etməli idi”.

U.Akif bildirib ki, hazırda “Məlhəm” hospitalı onlara sözün hər mənasında əzab yaşadır:

“Mənasız və çox ağrılı bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə vaxt qazanmağa çalışırlar. O günahsız körpə də orada əziyyət çəkir, bacım da, biz də. Aidiyyəti qurumlardan bu məsələnin tam araşdırılmasını, hüquqi yolla həlli nədirsə, edilməsini istəyirik.

Həm də ona görə ictimailəşdirirəm ki, əgər kimdəsə günah varsa, səhlənkarlıq varsa, qarşısı alınsın, başqa kiminsə başına belə hadisə gəlməsin.

Bir də içimdə bir ümid var ki, bəlkə, hansısa həkim uşağın vəziyyətiylə maraqlanıb nələrsə etməyin mümkün olduğunu deyər”.

Qarşı tərəfi dinləməyə hazırıq.(Tribunainfo.az)

Xəbər 5 dəfə oxunub.
Seçilən
14
8
xezernews.az

10Mənbələr