AZ

Orban Ukraynanın Aİ-yə üzvlüyünə imkan verməyəcək – Politico

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına üzv olmasının qarşısını almaq üçün gözlənilməz müttəfiqlər qazana bilər. Politico nəşrinin yazdığına görə, bu müttəfiqlər arasında Fransa Prezidenti Emmanuel Makron da ola bilər.

Bu gün  Kopenhagendə keçiriləcək Avropa İttifaqı liderlərinin görüşündən öncə Avropa Şurasının prezidenti Antoniu Koşta üzv ölkələrin rəhbərlərini Macarıstanın Ukraynanın üzvlüyünə qarşı çıxmasını necə aradan qaldırmaq barədə düşünməyə çağırıb.

Koşta təklif edib ki, Aİ-yə yeni üzvlərin qəbuluna dair qərarlar yekdilliklə deyil, ixtisaslaşdırılmış çoxluq səsverməsi ilə qəbul olunsun. Bu isə Ukrayna ilə rəsmi üzvlük danışıqlarının başlanmasına imkan verə bilərdi.

Lakin Politiconun yazdığına görə, bu plan ziddiyyətli qarşılanıb. Nəşr qeyd edir ki, Orban Aİ-də Rusiya Prezidenti Vladimir Putinə ən yaxın lider kimi tanınsa da və Ukraynaya qarşı sərt mövqeyi ilə seçilsə də, digər bəzi liderlər fərqli səbəblərlə onun mövqeyini dəstəkləyə bilərlər — əsasən də veto hüququnu qorumaq məqsədilə.

Bu plan başda Fransa, Niderland və Yunanıstan liderləri olmaqla bir sıra ölkələrin ciddi müqaviməti ilə üzləşib. Danimarkanın da bu təşəbbüsə isti baxmadığı bildirilir. Politicoya danışan Avropa İttifaqı diplomatları və Fransanın prezident administrasiyasından olan mənbələr bunu təsdiqləyiblər.

“Bu ölkələr hesab edirlər ki, qəbul qaydalarının dəyişdirilməsi, üzvlük müraciətlərinə veto qoymaq imkanlarını məhdudlaşdıra bilər. Məsələn, Yunanıstan Türkiyə ilə bağlı danışıqları ləngitmək, Bolqarıstan Şimali Makedoniya ilə bağlı məsələni gündəmdə saxlamaq, Xorvatiya isə Serbiyanın üzvlüyünü bloklamaq imkanını əldən vermək istəmir”, – deyə Politico vurğulayıb.

Nəşr qeyd edir ki, Koştanın təklifi yalnız Ukrayna deyil, Moldova üçün də Aİ-yə inteqrasiyanı asanlaşdıra bilər, çünki hər iki ölkənin üzvlük məsələsi paralel şəkildə müzakirə olunur.

Avropa İttifaqının yüksək vəzifəli rəsmisi bildirib ki, bu təklif bu gün Kopenhagendə keçiriləcək görüşdə müzakirəyə çıxarılacaq. Eyni zamanda, Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynaya yardım məqsədilə istifadəsi də gündəmdə olacaq.

“İndiyə qədər heç bir lider bu ideyaya qəti ‘yox’ deməyib”, – deyə həmin rəsmi bildirib.

Bu arada, Finlandiya Prezidenti Aleksandr Stubb Politicoya açıqlamasında bildirib ki, o, qərar qəbulunu sürətləndirəcək və vetonu məhdudlaşdıracaq istənilən mexanizmi dəstəkləyir:

“Şəxsən mən qərarların qəbulunu daha çevik və bloklamadan uzaq edən hər hansı mexanizmi alqışlayıram. Bu, xüsusilə Ukrayna məsələsinə aiddir”, – deyə o vurğulayıb.

Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı keçmiş xarici işlər naziri Dmitro Kuleba iki əsas şərtin yerinə yetirilməsini vacib saymışdı. Onun fikrincə, Qərbi Avropa Ukrayna, Moldova və Qərbi Balkan ölkələri daxil olduqdan sonra Avropa layihəsi üzərində nəzarəti saxlamağın yolunu tapmalıdır.

İkinci vacib məsələ isə Ukraynanın aqrar sektoru ilə bağlıdır. Kuleba bildirmişdi ki, mövcud vəziyyətdə Ukraynanın üzvlüyü Avropanın kənd təsərrüfatı sektorunda ciddi böhrana səbəb ola bilər:

“Əgər biz indiki kimi daxil olsaq, bu, bütün Avropa üzrə fermerləri məhv edəcək. Nəticədə Fransada, Belçikada, Polşada və digər ölkələrdə sosial üsyanlar baş verə, Avropa çökə bilər”, – deyə o demişdi.

Polşa Prezidenti Karol Navrotski isə bəyan etmişdi ki, hazırda müharibə şəraitində olan bir ölkənin NATO-ya və Aİ-yə üzvlüyü müzakirə mövzusu ola bilməz:

“Ukraynanın gələcəkdə Avropa sivilizasiyasının bir hissəsi olmasını istəyirik, lakin bu gün Aİ-yə üzvlük məsələsinin müzakirəsi vaxtından əvvəl görünür”, – deyə o vurğulayıb.

Seçilən
9
veteninfo.az

1Mənbələr