AZ

Türkiyədə Azərbaycanla bağlı dezinformasiya yayanlar araşdırılır

Son günlər Türkiyənin bəzi media qurumlarında və sosial şəbəkələrdə Azərbaycanla bağlı mütəmadi dezinformasiya xarakterli xəbərlər yayılıb.

Türkiyə hökumətindəki mənbə APA-nın yerli bürosunun əməkdaşı ilə söhbətində bu məsələnin Türkiyənin rəsmi dairələri tərəfindən araşdırıldığını bildirib.

“Artıq bununla bağlı araşdırma və təhlillər aparılır. Azərbaycan tərəfi ilə də məsələ üzrə fikir mübadiləsi aparılıb. Bu cür xəbərlərin yayılması Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə zərər verə bilməyəcək qədər kiçik nüanslardır”, - mənbə qeyd edib.

Qeyd edək ki, Türkiyənin bəzi media orqanları son günlər Azərbaycanla bağlı mütəmadi olaraq dezinformasiya xarakterli məlumatlar yayırlar. Bu məlumatlar daha sonra sosial şəbəkələrin Türkiyə seqmentində müzakirə olunur.

Xatırladaq ki, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir qeyd edib ki, onlar Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer alması üçün çalışırlar. “Türkiyə-Azərbaycan əlaqələrini pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Qarşılıqlı danışıqlar aparılmalıdır və bu qüvvələrlə mübarizə aparılmalıdır. Daha da bir-birimizə bağlanmalıyıq. Boşluq buraxmayacağıq ki, araya girən olmasın. Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan daxili və xarici qüvvələrin oyunlarına gələnlər də var. Amma buna qarşı daha sıx birləşməliyik”, - Alptekin Cihangir İşbilir vurğulayıb.

Seçilən
10
18
sitat.info

10Mənbələr