AZ

Tramp administrasiyası Maduronu hakimiyyətdən uzaqlaşdırmağa çalışır – “The New York Times” 

ABŞ-ın “The New York Times” (NYT) nəşri yazır ki, keçmiş prezident Donald Trampın administrasiyasının yüksək vəzifəli rəsmiləri, o cümlədən dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio, Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün səyləri gücləndiriblər.

Vətəninfo.az xəbər verir ki,   administrasiya rəsmiləri son günlər Maduroya qarşı hərbi təzyiqin artırılmasını nəzərdə tutan genişmiqyaslı kampaniya imkanlarını müzakirə edirlər. Qəzet yazır ki, təşəbbüsə Marko Rubionun rəhbərlik etdiyi bildirilir.

Mənbələrin məlumatına görə, dövlət katibi Maduroya qarşı daha aqressiv strategiya hazırlayır və bu zaman Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əldə etdiyi kəşfiyyat məlumatlarından istifadə olunur. Rubionun mövqeyini Trampın daxili siyasət üzrə baş müşaviri Stiven Miller və kəşfiyyat direktoru Con Ratkliff də dəstəkləyir.

Rubio iddia edir ki, Nikolas Maduro qeyri-qanuni yollarla hakimiyyətdə qalmış və ABŞ-a narkotik vasitələrin daşınmasını koordinasiya edən təhlükəli bir şəxsdir. O, Maduronun region üçün “qaçılmaz təhlükə” olduğunu bildirib.

Qəzet həmçinin qeyd edir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Venesuelada narkotik alverində şübhəli bilinən şəxslərə qarşı hərbi əməliyyat ehtimallarını nəzərdən keçirir. Bununla belə, Ağ Ev bu kimi əməliyyatların həyata keçirilməsi ilə bağlı hələlik rəsmi qərar verməyib.

Məlumata görə, ABŞ artıq bölgəyə 6 500-dən çox hərbçi yerləşdirib.

Venesuela müxalifət nümayəndələri NYT-yə açıqlamalarında ABŞ rəsmiləri ilə görüşlər keçirdiklərini və “Nikolas Maduronun cinayətkar strukturunu” dağıtmaq istiqamətində konkret planları müzakirə etdiklərini bildiriblər.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro bir neçə saat əvvəl çıxış edərək ABŞ-dan gözlənilən hərbi təcavüz təhlükəsinə qarşı ölkədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Seçilən
1
veteninfo.az

1Mənbələr