AZ

Dünyada yaşlı əhalinin sayı 2050-ci ildə 2,1 milyarda çatacaq

BAKI, TurkicWorld, Nailə Babazadə

Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Bu günün məqsədi dünyada yaşlanan əhalinin problemlərinə diqqət çəkmək, yaşlıların sağlamlıq, sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri təşviq etmək və bu sahədə ictimaiyyətin məlumatlılığını artırmaqdır.

TurkicWorld xəbər verir ki, bu il BMT tərəfindən 35-ci dəfə qeyd olunan Beynəlxalq Ahıllar Günü “Yerli və Qlobal Təşəbbüslərə Rəhbərlik edən Yaşlılar: Məqsədlərimiz, Rifahımız və Hüquqlarımız” mövzusu ilə keçirilib. Bu mövzu yaşlı nəslin cəmiyyətin inkişafında oynadığı mühüm rol və onların həm yerli, həm də beynəlxalq səviyyədə dayanıqlı cəmiyyətlərin qurulmasına verdiyi töhfələri vurğulayır.

BMT-nin məlumatlarına görə, 1995-ci ildən 2025-ci ilə qədər 60 yaşdan yuxarı insanların sayı 541 milyondan 1,2 milyarda, 2050-ci ildə isə 2,1 milyarda çatacaq. 2080-ci ilə qədər isə 65 yaşdan yuxarı insanların sayı, 18 yaşdan aşağı uşaqların sayını keçəcək.

Orta ömür uzunluğu da artmaqdadır — 1995-ci ildən bəri 8,6 il artaraq, 2025-ci ildə 73,5 ilə çatacağı gözlənilir. 80 yaş və yuxarı şəxslərin sayı isə sürətlə artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, 2030-cu ilə qədər dünyada hər 6 nəfərdən biri 60 yaşdan yuxarı olacaq. 2020-ci ildə 1 milyard olan bu yaş qrupundakı insanların sayı 2030-cu ildə 1,4 milyarda, 2050-ci ildə isə 2,1 milyarda çatacaq.

ÜST-nin proqnozlarına görə, 80 yaş və üzəri insanların sayı 2020–2050-ci illər arasında 3 dəfə artaraq 426 milyona çatacaq.

Qeyd olunur ki, hazırda yaşlı əhalinin ən yüksək nisbətinə malik ölkələr əsasən inkişaf etmiş ölkələr olsa da, az və orta gəlirli ölkələrdə də yaşlıların sayı sürətlə artır. 2050-ci ilə qədər 60 yaşdan yuxarı əhalinin üçdə ikisinin bu ölkələrdə yaşayacağı proqnozlaşdırılır.

Kanada mənşəli “Visual Capitalist” platformasının məlumatına əsasən, dünyada ən yüksək yaşlı əhalinin nisbətinə malik ölkə Monakodur – burada əhalinin 36,8 faizi 65 yaşdan yuxarıdır.

İkinci yerdə 37 milyona yaxın yaşlı əhalisi ilə Yaponiya (30%), ardınca isə Martinik (26,5%), Porto Riko (25,3%), İtaliya (25,1%) və Montserrat (25%) gəlir.

Ən yüksək yaşlı əhalisi olan 36 ölkə və bölgədən 28-i Avropada yerləşir. Bu ölkələr arasında Almaniya, Fransa, İspaniya kimi dövlətlərdə 65 yaşdan yuxarı insanların sayı ümumi əhalinin 20 faizindən çoxunu təşkil edir.

Bununla belə, Çin, Hindistan və ABŞ kimi ölkələrdə yaşlıların nisbəti hələ 20 faizdən az olduğu üçün siyahıya daxil edilməyib.

Seçilən
18
turkic.world

1Mənbələr