AZ

“Qarabağ” növbəti tarixin bir addımlığında – Nə etməli?

Bu gün hər kəsin diqqəti Tofiq Bəhramov adına Respublika stadionuna yönələcək.

İki həftə əvvəl Lissabonda “Benfika”nı 3:2 hesabı ilə məğlub edərək dünyaya səs salan “Qarabağ” bu dəfə “Kopenhagen”in gücünü yoxlayacaq.

Bəli, rəqib kifayət qədər ciddi ada sahibdir.

Avrokubok təcrübəsi zəngin olan Danimarka nəhəngi yaxın keçmişdə iki dəfə Çempionlar Liqasının qrup mərhələsini aşmağı bacarıb.

Heyətində 10 milyon avro dəyərində olan Yusufa Mukoko kimi hücumçu, 6 milyonluq Qabriel Pereyra, eyni qiymətdə Rodriqo Hueskas var.

“Qarabağ”ın futbolçularının ümumi dəyəri 25, “Kopenhagen”dəkilərin transfer qiyməti 3 dəfə çox, 75 milyon avrodur.

Avrokuboklarda 283 oyunluq təcrübəyə sahib “şirlər” 2014-cü ildən bu yana mütəmadi olaraq qrup mərhələlərinə vəsiqə qazanıb.

Rəqib fiziki cəhətdən kifayət qədər hazırlıqlı, futbolçuları müasir tələblərə uyğun sürətlidir. “Bayer Leverkuzen” kimi komandayla bərabərə qalmaq (2:2) zarafat deyil.

İndiki məqamda “Kopenhagen”in kağız üzərində favorit göstərilməsi anlaşılandır. Lakin “Qarabağ” illərdir proqnoz kağızlarını cıra-cıra yoluna davam edir. Bu dəfə yandırıb zibil qutusuna atmalıdır.

“Qarabağ”ın rəqibdən ehtiyatlanmasına, yaxud çəkinməsinə gərək yoxdur. Yetər ki, öz futbolunu oynasın. Topa nəzarəti əlində saxlamağı bacarıb rəngarəng hücumlar qursa, standart vəziyyətlər zamanı diqqəti əldən verməsə, “Kopenhagen”dəki futbolçuların canına dərd düşəcək, başları gicəllənəcək.

İdeala yaxın qazon, 30 mindən artıq azarkeşin dəstəyi, futbol üçün uyğun hava şəraiti, “Qalatasaray”ın “Liverpul” üzərində qazandığı qələbənin motivasiyası – bir sözlə, növbəti zəfəri bayram etmək üçün hər şey xeyrimizə işləyir.

“Qarabağ”a bu oyunda 3 xala hava-su kimi lazımdır. Meydanı qalib tərk etməyi bacarsa, “24-lük”dəki yer uğrunda ciddi addım atacaq. Növbəti 6 oyunda daha 6-7 xal, vəssalam, daha bir tarix yazılacaq. “Köhlən atlar” ilk dəfə Liqa mərhələsini uğurla aşaraq həm klub, həm də ölkə futbolu tarixində yeni səhifə açacaq.

Haydi, “Qarabağ”!

Serdar Gözübüyükün final fitindən sonra sevinmək ümidi ilə...

Oyun saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
11
sportinfo.az

1Mənbələr