AZ

"Şükürova çatan pul şirinlik idi, onun rüşvət olduğunu bilməmişəm"

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrlik etdiyi prosesdə şahid qismində Ülfət Məmmədov ifadə verib.

O bildirib ki, Xəzər Tibb Mərkəzində stomotoloq-həkim işləyir: "Maya Qocayevanı tanıyıram. Onun oğlu Fuad Rüstəmovun 18 yaşı tamam olmuşdu, imtahan vermək üçün möhlət istəyirdi. Mənə bu barədə deyəndə imtahan vermək üçün müraciət etməli olduğunu, problemlə qarşılaşmayacağınıı dedim. Amma Maya xanım bildirdi ki, oğlunun 18 yaşı tamam olub, çağırış yaşda olduğu üçün Dövlət İmtahan Mərkəzi arayış tələb edir. İmtahana qatılması üçün hərbi komissarlıq "stop"u götürməlidir.

Maya xanım yanımda ağladı, mənim oğluna bir dayı kimi köməklik etməyimi istədi. Bununla bağlı Ramin müəllimə yaxınlaşdım, məsələni izah etdim. O da dedi ki, uşaq gəlsin, özünü görüm. Bunu Maya xanıma söylədim. Uşaq mənsiz Ramin müəllimin yanına getdi.

Bir neçə gün sonra Maya xanım məndən xahiş etdi ki, Ramin müəllimdən nə qərara gəldiyini öyrənim. Yenidən Ramin müəllimlə görüşdüm. O, məsələnin düzəlməsi üçün bir az xərc tələb olunduğunu dedi. Ona Maya xanımın 4 min manatı olduğunu, bundan yuxarı gücü çatmadığını söylədim. Mən bu məbləğdə pulu Maya xanımdan alaraq çatdırdım".

Dövlət ittihamçısı Orxan Kəngərlinin suallarını cavablandıran şahid qeyd edib ki, Ramin Şükürov ondan pulu şəxsən almayıb, 6-cı otağa verməyi tapşırıb. Onun sözlərinə görə, pulu qeyd olunan otaqda Xalid Əzizova verib.

Ramin Şükürovun vəkili Ceyhun Yusifovun suallarını cavablandıran şahid deyib ki, Şükürova çatmalı olan pul şirinlik olub, rüşvət olduğu bilməyib: "Pul olsaydı da, olmasaydı da Ramin müəllim bu işi görəcəkdi. Pulu şirinlik kimi vermişəm".

Vəkilin pulun şirinlik və ya rüşvət olması ilə bağlı digər suallarına dövlət ittihamçısı etiraz edib. Bildirib ki, şahid bunun şirinlik olduğunu deyir. Ceyhun Yusifov isə bildirib ki, şirniyyat ancaq kulinariyada olur.

İzahat verən Ramin Şükürov şahidin yalan danışdığını deyib.

Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində göstərib ki, Ramin Şükürov ona bu işlərin bəzən 6 minə, bəzən də 8 minə başa gəldiyini deyib: "Mən də dedim ki, Maya xanımın 4 min manatı var. 4 mini alaraq Ramin Şükürovun yanına gətirdim. O, pulu Xalid Əzizova verməyimi istədi. Mən də pulu ona verdim. Bildirdim ki, pulu say, götür. O, pulu sayıb götürdü. Bu işlərdən Xalidin də xəbəri olub".

Ülfət Məmmədov ifadəsinin təsdiqləyib. Bildirib ki, Ramin Şükürovla 6 min-8 min söhbəti olmayıb: "Bizim Ramin Şükürovla başqa işlə bağlı söhbətimiz olub. Mən məhkəmədə olan ifadəmi təsdiqləyirəm".

Seçilən
11
12
publika.az

10Mənbələr