AZ

Pulu şirinlik kimi vermişəm Məhkəmə

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ülfət Məmmədov ifadə verib.

O bildirib ki, Xəzər Tibb Mərkəzində stomotoloq-həkim işləyir:

“Aliəvi tanışımız Maya xanımın oğlu Fuad Rüstəmovun 18 yaşı tamam olmuşdu, imtahan vermək üçün möhlət istəyirdi. Çağırış yaşında olduğu üçün Dövlət İmtahan Mərkəzi arayış tələb edirdi. İmtahana qatılması üçün hərbi komissarlıq “stop”u götürməliydi. Maya xanım yanımda ağladı, mənim də onun oğlunun bir dayısı olduğumu, köməklik etməyimi istədi. Mən də bununla bağlı Xəzər rayon hərbi komissarı Ramin müəllimə yaxınlaşdım, məsələni izah etdim. O da dedi ki, uşaq gəlsin, özünü görüm. Mən də bunu Maya xanıma söylədim. Uşaq da mənsiz Ramin müəllimin yanına getdi. Bir neçə gündən sonra Maya xanım dedi ki, Ramin müəllim nə qərara gəldiyini öyrənim. Bununla bağlı yenidən Ramin müəllimlə görüşdüm. O, bu məsələnin düzəlməsi üçün biraz xərci olduğunu dedi. Mən də ona Maya xanımın 4 min manatı olduğunu, bundan yuxarı gücü çatmadığını dedim. Bundan sonra mən də pulu Maya xanımdan alaraq onlara çatdırdım”.

Dövlət ittihamçısı Orxan Kəngərlinin suallarını cavablandıran şahid qeyd edib ki, Ramin Şükürov ondan pulu şəxsən almayıb, 6-cı otağa verməsini tapşırıb. Onun sözlərinə görə, pulu qeyd olunan otaqda Xaliq Əzizova verib.

Daha sonra Ramin Şükürovun vəkili Ceyhun Yusifovun suallarını cavablandıran şahid deyib ki, Ramin Şükürova çatmalı olan pul şirinlik olub:

“Pul olsaydı da, olmasaydı da, Ramin müəllim bu işi görəcəkdi. Pulu da şirinlik kimi vermişəm”.

Vəkilin pulun şirinlik və ya rüşvət olması ilə bağlı digər suallarına dövlət ittihamçısı etiraz edib. Bildirib ki, şahid bunun “şirinlik” olduğunu deyir. Ceyhun Yusifov isə bildirib ki, şirniyyat ancaq kulinariyada olur.

İzahat verən Ramin Şükürov isə şahidin yalan danışdığını deyib.

Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində göstərib ki, Ramin Şükürov ona bu işlərin görülməsi bəzən 6 min, bəzən də 8 minə başa gəlir:

“Dedim ki, Maya xanımın 4 min manatı var. Mən də 4 min manatı alaraq Ramin Şükürovun yanına gətirdim. O da pulu Xaliq Əzizova verməyimi istədi. Mən də pulu ona verdim. Bildirdim ki, pulu say, götür. O da pulu sayaraq götürdü. Xaliqin də bu işlərdən xəbəri olub”.

Ülfət Məmmədov ibtidai istintaqa verdiyi ifadəni qismən təsdiqləyib. Bildirib ki, Ramin Şükürovla 6 min, 8 min manat söhbəti olmayıb: “Xalid də pulu mənim yanımda saymayıb. Mən sənədin içinə qoyub vermişəm”.

Şahid məhkəmədəki ifadəsini təsdiqləyib.

Proses oktyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Məhkəmənin gedişatında Ramin Şükürov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
12
globalinfo.az

10Mənbələr