"Meta" şirkəti rəsmi şəkildə təsdiqləyib ki, "WhatsApp" tətbiqi iOS əməliyyat sistemində "Live Photo" funksiyasını dəstəkləməyə başlayıb.
BAKU.WS-in məlumatına görə, son günlər bəzi istifadəçilərin fərqinə vardığı bu yenilik animasiyalı fotolarla paylaşma imkanı yaradır.
Meta-nın rəsmi açıqlamasında son aylarda tətbiqə əlavə edilmiş bir sıra funksiyalar sadalanıb. Buraya iOS-da "Live Photo" və Android-də "Motion Photos" dəstəyi daxildir.
İstifadəçilər belə fotonu göndərdiyi və ya qəbul etdiyi zaman şəkil qısa müddət animasiya olunur və iOS-un standart albomundakı davranışı təqlid edir. Belə şəkillərdə sol yuxarı küncdə "Live Photo" göstəricisi olur. Onlara kliklədikdə çəkiliş zamanı yazılmış səs də səslənir.
Animasiyalı fotoların dəstəyi ilə yanaşı, "Meta" digər yenilikləri də vurğulayıb. Artıq istifadəçilər "Meta AI" vasitəsilə çatlarda fərdiləşdirilmiş mövzular yarada bilərlər. "Fearless Bird" və "Vacation" kimi yeni stiker dəstləri də təqdim olunub.
Qruplarda axtarış imkanları da yaxşılaşdırılıb: indi çat siyahısında qrup üzvlərindən birini tapmaqla onunla ortaq olduğunuz bütün qrupları görmək mümkündür.
Android istifadəçiləri isə sənədləri birbaşa tətbiqdən skan edib, kəsib və göndərə bilirlər. Bundan əlavə, "Meta AI" indi videozənglər üçün unikal fonlar, eləcə də birbaşa çatlarda çəkilmiş foto və videolar üçün xüsusi arxa planlar yaratmağa imkan verir.
"Live Photo" dəstəyinə gəlincə, qeyd olunur ki, funksiya hələ də tədricən istifadəyə verilir. Bəzi iOS istifadəçiləri bildirirlər ki, hazırda yalnız belə fotoları qəbul edə bilirlər, lakin göndərmək imkanı hələ aktiv olmayıb.