AZ

Alimlər: Günəş sistemindəki peyklərdən biri yaşayışa əlverişli ola bilər

Alimlər Saturnun Enseladus adlı peykində həyat əlamətlərinə işarə edə biləcək yeni üzvi molekullar aşkar ediblər.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, tədqiqatçılar bu tapıntının buzlu peykin yaşayış üçün əlverişli ola biləcəyinə dair ehtimalları artırdığını bildirirlər. Enseladusun yaşayış potensialı alimlərin uzun müddətdir diqqət mərkəzindədir. Buna səbəb onun səthinin altında mövcud olan fəal okeanın olmasıdır. 2005-ci ildə “Cassini” kosmik aparatı peykin yanından keçərkən həmin gizli okeanın mövcudluğunu təsdiqləmişdi. O vaxtdan bəri tədqiqatçılar bu okeanı daha yaxından öyrənməyə çalışırlar.

Alimlər əsasən Enseladusun buzlu səthindəki çatlardan püskürən güclü su və qaz axınlarını araşdırırlar. Bu nümunələrdə artıq bir sıra üzvi molekullar aşkarlanmışdı ki, bu da həyat axtarışında böyük maraq doğurmuşdu. Son araşdırmalar isə göstərib ki, həmin axınlardan çıxan bəzi təzə zərrəciklər də maraqlı kimyəvi birləşmələr ehtiva edir. Bu, onların məhz Enseladusun dərinliklərindəki okeanda əmələ gəldiyini təsdiqləyir.

Tədqiqatın həmmüəllifi Frank Postberq qeyd edib: “Bizim tapdığımız təzə püskürən materialda aşkarlanan üzvi molekullar sübut edir ki, “Cassini”nin Saturnun E halqasında aşkar etdiyi mürəkkəb üzvi birləşmələr sadəcə kosmosda uzunmüddətli təsir nəticəsində yaranmayıb, əksinə, Enseladusun okeanında mövcuddur”.

Alimlər qeyd edirlər ki, bu nəticələr Enseladusun həyat üçün potensial məkan ola biləcəyinə dair ən güclü sübutlardan biridir.

Seçilən
14
7
yeniazerbaycan.com

8Mənbələr