ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 1 oktyabr, AZƏRTAC
Qadınların liderliyini artırmaq və gender bərabərsizliyini aradan qaldırmaq üçün gələcəkdə də bir sıra addımlar atılmalıdır. İlk növbədə, qadınların iqlim siyasəti üzrə qərar qəbul etmə səviyyəsində iştirakını gücləndirmək lazımdır. Daha sonra kənd yerlərində qadınların yaşıl sahibkarlıq təşəbbüslərinə çıxışları yaxşılaşdırılmalıdır. Uşaqlar üçün də iqlimə dair maarifləndirmə tədbirləri gücləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, iqlim dəyişmələrindən ən çox qadınlar və uşaqlar əziyyət çəkir: “İqlim dəyişmələri səbəbindən qadın və uşaqların 80 faizi evlərini tərk edib. Buna baxmayaraq, iqlim dəyişmələri ilə ən çox mübarizə aparmağa can atanlar da qadınlardır. Kənd yerlərində qadınların yaşıl sahibkarlıq təşəbbüslərinə çıxış imkanları artırılmalıdır”.
B.Muradovanın sözlərinə görə, son beş ildə minlərlə qadın maliyyə savadlılığına və məşğulluğa cəlb olunub.
Dövlət Komitəsinin sədri qeyd edib ki, narkomaniyanın qarşısının alınmasına həsr olunmuş kampaniyanın ekoloji mövzularla birləşdirilməsi, müxtəlif regionlarda yaşıllaşdırma və yaşıllığa qulluq kampaniyalarının keçirilməsi, eləcə də “#yaşıldünyanaminə həmrəyolaq” həştəqi ilə aparılan sosial çağırışlar mühüm rol oynayıb. Bu tədbirlərin hamısı qadınların, uşaqların və ailələrin iqlim fəaliyyətinə aktiv qoşulmasını təmin etmək, ekoloji şüuru gücləndirmək və gender bərabərliyini davamlı inkişaf gündəliyinin ayrılmaz hissəsinə çevirmək məqsədinə xidmət edib.
Son 5 ildə dövlət, özəl və ictimai sektor nümayəndələrinin yaratdığı sinerji nəticəsində yalnız iqtisadi sahədə 10 minlərlə qadın sahibkarlıq təşəbbüslərinə dəstək alıb, onların bir qismi yaşıl iqtisadiyyat və ekoloji layihələrdə fəaliyyət göstərib. Regional mərkəzlər şəbəkəsi vasitəsilə ölkənin əksər bölgələrində minlərlə qadın peşə hazırlığına, maliyyə savadlılığına və məşğulluq imkanlarına yiyələnib.
Uşaqların hüquqlarının müdafiəsi sahəsində isə Dövlət Komitəsi digər tərəfdaşlarla birlikdə uşaq müdafiə mexanizmləri şəbəkəsini genişləndirib, iqlim dəyişikliyi və ekoloji maarifləndirmə mövzularını məktəbyaşlı uşaqlar arasında təbliğ edən layihələr həyata keçirib. Ailə institutunun gücləndirilməsi məqsədilə həyata keçirilən proqramlar minlərlə ailənin sosial rifahının yüksəldilməsinə və icmaların dayanıqlılığının artırılmasına töhfə verib.
Bahar Muradova vurğulayıb ki, gələcəkdə qadınların iqlim siyasəti üzrə qərar qəbuletmədə iştirakının artırılması, kənd yerlərində qadınların yaşıl sahibkarlıq təşəbbüslərinə çıxış imkanlarının genişləndirilməsi, uşaqlar üçün maarifləndirmə proqramlarının gücləndirilməsi və qlobal tərəfdaşlarla regional əməkdaşlıq layihələrinin inkişaf etdirilməsi prioritet olacaq.
Tədbirdə qeyd olunub ki, Azərbaycanın COVID-19 və iqlim dəyişikliklərinə qarşı mübarizədə əldə etdiyi uğurlar həm dövlət, həm özəl sektor, həm də vətəndaş cəmiyyəti arasında əməkdaşlıq imkanları yaradıb. İkinci dəfə təşkil edilən Bakı İqlim Fəaliyyət Həftəsi hökumət, özəl sektor və ictimaiyyət arasında konstruktiv dialoq platforması kimi özünü təsdiqləyib.
Bütün bu tədbirlər qadınların liderliyinin artırılmasına, gender boşluqlarının aradan qaldırılmasına və davamlı, ədalətli gələcəyin qurulmasına xidmət edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.