Şərqlə Qərbi birləşdirən, sülh və diplomatiya tərəfdarı olan bir regionda keçirilən Bakı Təhlükəsizlik Forumu yenidən qlobal təhlükəsizlik haqqında əsas müzakirələrin məkanına çevrilir.
Musavat.com xəbər verir ki, bu barədə “Euronews” telekanalının “Bakı Təhlükəsizlik Forumu 2025: terrorizm, kibertəhdidlər və qlobal böhranlar” adlı videosüjetində qeyd edilib.
“Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid, eləcə də risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir”, - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev forumu açarkən Azərbaycan Prezidenti İlham Əliyevin müraciətindən sitat gətirib.
Süjetdə qeyd edilir ki, forum 80-dən çox dövlətin nümayəndələrini bir araya gətirib. İştirakçılar təhlükəsizlik sahəsində sərhədlərarası əməkdaşlığın gücləndirilməsi məqsədilə terrorizm, kibercinayətkarlıq, dezinformasiya və humanitar böhranlarla mübarizəni müzakirə ediblər.
“Terrorçular hökumətlərin işini pozmağı, eləcə də dinc insanların həyatını dağıtmağı bacarırlar. Buna İŞİD və ya “Əl-Qaidə”ni nümunə göstərmək olar. Buna görə də bizim dövlətlər olaraq əməkdaşlıq etməyimiz vacibdir. Əks halda, onlar (terrorçular) bizi üstələyə, xaos yaya, heç bir hakimiyyətlə hesablaşmadan dağıda və insanları öldürə bilərlər. Yəni əməkdaşlıq vacib məsələdir. Bu təhdidlərin öhdəsindən gəlməyin başqa yolu yoxdur”, - “Euronews” Keniyanın Milli Kəşfiyyat Xidmətinin rəisi Noordin Mohammed Hacinin sözlərini təqdim edib.
Telekanal, həmçinin BMT-nin ilk dəfə forumda təmsil olunduğuna diqqət çəkib. Vurğulanıb ki, bu, praktiki nəticələrə yol açan beynəlxalq dialoqun əhəmiyyətini əks etdirir.
“BMT-nin belə tədbirlərdə iştirakı bizə təhlükəsizlik cəmiyyətinin əsas hissəsi ilə qarşılıqlı əlaqə qurmaq imkanı verir. Bu bizə məlumat əldə etməyə əsaslanan strategiyalar qurmağa kömək edir”, - süjetdə BMT-nin Terrorizmlə Mübarizə İdarəsinin (UNOCT) proqram rəhbəri və hüquq-mühafizə məsələləri üzrə müşaviri Nigel Lazarus bildirib.
Bundan əlavə, reportajda qeyd edilib ki, forum Azərbaycan və Ermənistan kimi münaqişələrə cəlb olunmuş ölkələr arasında konstruktiv dialoq üçün platforma olub.
“Əgər siz oturub danışa bilmirsinizsə, qarşılaşdığımız bir çox problemləri, təhlükəsizliyin çoxsaylı çağırışlarını həll edə bilməzsiniz. İstər Rusiyanın Ukrayna ilə müharibəsi olsun, istərsə də Qəzzada, Sudanda və Afrikanın digər ölkələrində baş verən hadisələr olsun, belə olan halda öhdəsindən gələ bilməzsiniz. Yalnız dialoq və belə platformalar vasitəsilə həll yolu tapmaq mümkündür. Beləliklə, biz təcrübələr əldə edirik və dünyanın qarşısında duran problemlərin daha yaxşı həlli yollarını bir-birimizdən öyrənirik”, - Keniyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri bildirib.
Öz növbəsində, Argentinanın Kəşfiyyat Xidmətinin direktoru Kolombo Alexandro vurğulayıb ki, Bakı Təhlükəsizlik Forumunun keçirildiyi üç gün ərzində bir çox ölkələrlə görüşlər keçirilib və “adətən illərin tələb olunduğu” nəticələr əldə edilib. Əvvəllər bu qədər geniş təmasların olmadığı ölkələrlə də əlaqələr möhkəmlənib.
“Geosiyasi gərginlikdən, təhlükəsizlik prioritetləri və çoxtərəflilik haqqında yenilənmiş müzakirələrdən praktikaya qədər danışıqlar müasir qlobal təhlükəsizlik çağırışlarının təxirəsalınmazlığını və mürəkkəbliyini əks etdirirdi”, - “Euronews” bildirib.