AZ

“Beyin çürüməsi”nin qarşısını almaq üçün 5 ADDIM

Texnologiyanın təqdim etdiyi rahatlıqlar, güclü stress və davamlı məlumat bombardmanı beynimizin təbii fəaliyyətini gərginləşdirir. Mütəxəssislər bildirirlər ki, zehni tənbəllik və diqqət dağınıqlığı müasir dövrün ən böyük sağlamlıq problemlərindən birinə çevrilib.

Bəs, “beyin çürüməsi”nin qarşısını almaq üçün nə edə bilərik?

KONKRET.az psixi sağlamlığınızı qorumaq üçün 5 qızıl məsləhəti təqdim edir:

Müasir həyatın tempi ilə ayaqlaşmağa çalışan insan beyni əvvəlkindən daha çox təzyiq altındadır. Daimi ekran qarşısında keçirilən saatlar, stress, nizamsız qidalanma və yuxu problemləri zehni aşınmaya səbəb olur ki, bu da mütəxəssislər tərəfindən “beyin çürüməsi” kimi təsvir edilir.

Rəqəmsal detoks

Telefon və kompüterdən asılı həyat yaşamaq beynin dincəlməsinə imkan vermir. Daim bildirişlər arasında fırlanan beynimiz diqqəti toplamaq qabiliyyətini itirir. Fokuslanmağın ən təsirli yollarından biri gündə ən azı bir və ya iki saat ekranlardan uzaqlaşmaqdır.

Kitab oxumaq

Oxumaq təkcə bilik əldə etmək deyil; həm də beyni daim aktiv saxlamaqla bağlıdır. İstər roman, istər araşdırma, istərsə də esse olsun, müntəzəm oxumaq vərdişi zehni çevikliyi artırır və düşünmə bacarıqlarını kəskinləşdirir.

Beynin məşqi

Məşqlə əzələlər inkişaf etdiyi kimi, formada qalmaq üçün beynin də daimi məşqə ehtiyacı var. Tapmacaları həll etmək, şahmat oynamaq, yeni dil öyrənmək və ya alətdə ifa etmək neyronlar arasındakı əlaqəni gücləndirir və beləliklə, zehni geriləmənin qarşısını alır.

Düzgün qidalanmaq

Düzgün qidalanma beyin sağlamlığında mühüm rol oynayır. Omeqa-3, B vitaminləri və antioksidantlarla zəngin qidalardan istifadə zehni funksiyanı qorusa da, şəkərli və işlənmiş qidalar beyin funksiyasına mənfi təsir göstərir. Balıq, qoz, göyərti bu baxımdan diqqət çəkən qidalar arasındadır.

Yuxu rejimi

Qeyri-kafi yuxu beynin ən sürətli pisləşməsinə gətirib çıxarır. 7-8 saat keyfiyyətli yuxu yaddaşı gücləndirir və öyrənmə qabiliyyətini artırır. Bundan əlavə, meditasiya, tənəffüs məşqləri və ya təbiət gəzintiləri ilə stressi azaltmaq da psixi sağlamlığı qorumaq üçün çox vacibdir.

Qaynaq: Forbes, Health

Dəniz Pənahova 

KONKRET.az 

Seçilən
5
1
konkret.az

2Mənbələr